Fikrət Fəraməzoğlu ev dustaqlığına buraxılmayıb

Fikrət Fəraməzoğlu ev dustaqlığına buraxılmayıb
28 Oktyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində Fikrət Fəraməzoğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması barədə Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından şikayətə baxılıb.
Bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə məlumat paylaşıb.
Vəkil bildirib ki, şikayətin təmin edilməyib.
E.Sadıqovun sözlərinə görə, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin olunmaması haqqında Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından apellyasiya şikayətinə baxıldı. Bu şikayət də təmin edilməyib.
"Jurnalistin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsilə təminat verilən azadlıq və toxunulmazlıq hüququnun pozulması, 10-cu maddəsilə təminat verilən ifadə azadlığı hüququnun və 18-ci maddəsilə təminat verilən müdaxilədən sui-istifadənin qadağan edilməsi hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik"-vəkil belə yazıb.
Jam.az saytının baş redaktoru F. Fəraməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Oktyabrın 19-da jurnalistə qarşı həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmək ittihamı irəli sürülüb. Vəkil Elçin Sadıxov deyib ki, əvvəlki ittihamla Fərəməzoğlu üçün 3 ildən 5 ilədək həbs gözlənilirdisə, indi əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbs gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun