Dövlət başçısı söyüş söyməyəcəyinə and içib

Dövlət başçısı söyüş söyməyəcəyinə and içib
29 Oktyabr 2016
Mətni dəyiş
"Təyyarədə Tanrı ilə danışdım və ona söz verdim ki, bir daha nalayiq sözlər danışmayacağam".
ABŞ lideri Barak Obama və digər dünya liderlərinə ağzına gələni deməsi ilə məşhur olan Filippin prezidenti təyyarədə Tanrı ilə danışdığını və bir daha söyüş söyməyəcəyinə söz verdiyini deyib.
Yaponiya səfərinin ardından Filippinin cənubundakı Davaoya qayıdan Rodriqo Duterte deyib: “Təyyarədə hamı yatarkən göy üzünə baxdım və “Əgər söyüş söyməyi tərgitməsən, bu təyyarəni dərhal düşürərəm” deyə bir səs eşitdim. Öz-özümə “bu kimdir?” dedim. Təbii ki, Tanrı idi.” Duterte, bundan sonra bir də heç vaxt söyüş söyməyəcəyinə, kimsəni təhqir etməyəcəyinə və pis sözlər danışmayacağına dair Tanrıya söz verdiyini bildirib.
Duterte, Tanrıya verilən sözün Filippin xalqına verilmiş söz olduğuna inandığını vurğulayıb. Bu nitqi ilə böyük alqış qazanan dövlət başçısı zarafatla “çox da alqışlamayın, yoxsa yoldan çıxaram” deyə bildirib.
Keçən il Papa Fransisklə görüşmək üçün getdiyi Vatikanda söyüş söyməsi ilə gündəmə gələn Duterte, daha sonra üzr istəmişdi. Filippin lideri ötən ay da ABŞ prezidenti Barak Obamaya qarşı təhqiramiz ifadə işlətməsi ilə gündəmə gəlmişdi. Filippin prezidenti narkotik maddə ilə mübarizədə heç kəsin onu tənqid edə bilməyəcəyini bildirərək, ABŞ və Obamanı ağır sözlərlə təhqir etmişdi. Üslubuna görə Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Trampa bənzədilən Dutertenin verdiyi sözə əməl edib-etməyəcəyi maraqla izlənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun