"Azərbaycan seçki proseslərində inkişaf etmiş Avropa ölkələrindən geri qalmır"

"Azərbaycan seçki proseslərində inkişaf etmiş Avropa ölkələrindən geri qalmır"
11 Oktyabr 2016
Mətni dəyiş
Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 11-də Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş referendumun yekunlarını müzakirə edib.
Seçki qurumunun toplantısında referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirə olunub. Referenduma yekun vurulması və onun elan edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
Yekun qərara görə, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu referenduma çıxarılmış layihənin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən o, qəbul edilmiş hesab edilir.
Sənədə əsasən, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulub. Referendum baş tutmuş, Konstitusiyaya əlavələr və dəyişikliklər layihəsi qəbul edilmiş sayılıb. Referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc ediləcək.
Referendumun nəticələrini araşdıran Mərkəzi Seçki Komissiyası səsvermə zamanı kiçik pozuntulara yol verildiyi qənaətinə gəlib. Pozuntuya yol verilmiş 3 məntəqədə seçkinin nəticələri tam, 1 məntəqədə isə qismən ləğv edilib.
MSK vəzifəsini tam yerinə yetirib.
MSK sədri Məzahir Pənahov toplantının yekununda referendum ilə əlaqədar səsvermənin təşkili baxımından üzərilərinə düşən vəzifənin tam yerinə yetirdiyini deyib. Onun bildirməsinə görə, səsvermə çox rəvan keçib.
“Azərbaycan mətbuatının da referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır. Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb”.
MSK sədri seçkilərin hətta nümunəvi olduğunu ifadə edib.
“Ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır”, MSK sədri qeyd edib.
Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəqəmlərdə də bildirilirdi ki, seçicilərin təqribən 70 faizi referendumda iştirak edib. Onlar təklif edilən əlavə və dəyişiklikləri böyük çoxluqla müdafiə ediblər.
Müxalifət qüvvələri isə referendumda total saxtakarlıqların baş verdiyini bildirir. Xüsusilə də Milli Şura və Müsavat Partiyası nəticələri qəbul etmədiyini bəyan edib. Bəzi saytlarda və sosial şəbəkələrdə də pozuntulara aid çoxsaylı videolar yayılıb.
Referendumla Konstitusiyaya bir sıra, hələ də, müzakirə olunan dəyişikliklər edilib. Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun