ATƏT-in tədbirində Azərbaycan hakimiyyəti tənqid edildi

ATƏT-in tədbirində Azərbaycan hakimiyyəti tənqid edildi
3 Oktyabr 2016
Mətni dəyiş
Ötən həftə Polşanın paytaxtında ATƏT-in plenar iclası keçirilib. İclasda üzv ölkələrin təşkilat qarşısındakı öhdəliklərinə baxılıb və qiymət verilib.
İclasın hər günü bir mövzuya həsr olunub və hər bir məsələ üzrə ABŞ nümayəndəsi Maykl Kozak bəyanat verib, onların hər birində Azərbaycanın da adı çəkilib.
Bu, ATƏT-in mətbuat xidməti tərəfindən yayılmış cənab Kozakın bəyanatlarının mətnlərindən görünür.
Belə ki, fikir, vicdan və dini etiqad azadlığı mövzusunda o qeyd edib ki, Azərbaycanda qeyri-ənənəvi dini qruplar, xüsusən Bakı hüdudlarından kənarda olan qruplar hüquqi qeydiyyatla bağlı maneələr yaşayır. Bu qrupların üzvləri azad şəkildə, polis reydlərindən, cərimələrdən, saxlanılmaqdan, həbs və ya təqibdən qorxmadan öz dinlərinə etiqad edə bilmirlər. Bir çox dindarlar həbsə atılır.
Bizim ölkələrimizin hər biri təkcə öz vətəndaşlarının deyil, ölkələrimizə qaçqın, mühacir və ya münaqişə qurbanı kimi gələnlərin də fundamental dini etiqad azadlığına hörmət olunmasının və bu azadlığın qorunmasının təmin edilməsi üzrə öhdəlik daşıyır.
Toplaşmaq azadlığı ilə bağlı iclasda Kozak deyib ki, bir çox iştirakçı dövlətlərdə bu hüquq ciddi şəkildə məhdudlaşdırılır.
“Azərbaycanda hökumət bu yaxınlarda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı mitinqlərə icazə verib, amma mitinqlərdən əvvəl də, sonra da fəallara və jurnalistlərə qarşı qarayaxma və onların saxlanılması faktları olub.
Biz həmçinin, Azərbaycanda təklif olunan Konstitusiya dəyişikliklərinin azərbaycanlıların onsuz da məhdud olan sərbəst və dinc şəkildə toplaşmaq imkanını daha da məhdudlaşdırır. Venesiya Komissiyasının qeyd etdiyi kimi, konstitusiya islahatı parlamentin iştirakı olmadan və qısa müddətdə həyata keçirilir ki, bu da lazımi ictimai müzakirələrin aparılmasına imkan vermir.
Biz hökuməti dinc toplaşmaq azadlığını həyata keçirərkən və ya həyata keçirməyə cəhd edərkən saxlanılanları dərhal azad etməyə çağırırıq və Venesiya Komissiyasının Konstitusiyaya dəyişikliklər üzrə təkliflərin hakimiyyəti prezidentin əlində cəmləşdirdiyi və icra hakimiyyətinin hesabatlılığını daha da azaltdığı barədə rəyini narahatlıqla qeyd edirik”, o bildirib.
Media azadlığına həsr olunmuş sesiyada Kozak deyib: “Azərbaycanda əvvəlki kimi müstəqil kütləvi informasiya məkanları üçün məkanın daraldılmasından narahatdır. Müstəqil “Azadlıq” qəzetinin maliyyə direktorunun həbs edildiyi andan etibarən qəzetin nəşr edilməsi üçün imkan olmayıb. Xədicə İsmayılovanın, Pərviz Həşimlinin, Hilal Məmmədovun, Rauf Mirqədirovun və digər həbs edilmiş jurnalistlərin və fəalların azad edilməsini alqışlasaq da, hökuməti xanım İsmayılovanın, Meydan TV telekanalının reportyorları Natiq Cavadlı və Aytən Fərhadovanın və başqalarının səfər məhdudiyyətini aradan qaldırmağa çağırırıq. Biz həmçinin hökuməti bütün jurnalistləri və fikri, ifadə azadlığını həyata keçirdiklərinə görə həbs edilmiş digər şəxsləri qeyd-şərtsiz azad etməyə çağırırıq”.
İnsan hüquqları, demokratiya və qanunun aliliyi məsələsi ilə bağlı iclasda o, BMT-nin işgəncələr əleyhinə Komitəsinin Azərbaycanda ifadə almaq məqsədilə verilən işgəncələrlə bağlı narahatlıq ifadə olunan məruzəsini xatırladıb.
“2010-cu ildən 2015-ci ilə qədər azad edilmiş siyasi məhbusların və onların vəkillərinin şikayətlərinə baxmayaraq, bir nəfər belə bu cür zorakılığa görə məhkəməyə cəlb edilməyib. Məsələn, “Müsəlman Birliyi Hərəkatı”nın həbs edilmiş lideri Taleh Bağırov və gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov işgəncələrə məruz qaldıqlarını iddia ediblər.
Azərbaycan müstəqil QHT və müxalif siyasi partiyaların üzvlərinin birləşmək azadlığını getdikcə daha çox məhdudlaşdırır. Hakimiyyət müstəqil təşkilatların fəaliyyəti ilə bağlı çoxsaylı cinayət araşdırmaları aparıb, bank hesablarını dondurub və əməkdaşlara qarşı qarayaxma kampaniyaları həyata keçirib. Bu məhdudiyyətlər səhər haqqında danışdığımız hökumət tərəfindən planlaşdırılmış 26 sentyabr referendumu fonunda xüsusi narahatlıq doğurur”, Kozak qeyd edib.
Sessiyanın son günü, sentyabrın 30-da Maykl Kozak ATƏT üzvü olan ölkələrin səlahiyyətləri və tənqidi məsələsinə toxunub.
Çox vaxt bir dövlət və ya hüquq müdafiəçisi və ya QHT bir ölkədəki insan hüquqları sahəsində vəziyyəti tənqid etdikdə həmin ölkələrdən ittihamlar səslənir.
“Bu, daxili işlərə qarışmaq deyil. Biz hamımız Astanada təsdiq etmişik ki, insan hüquqları ilə bağlı öhdəliklər “bütün iştirakçı dövlətlər üçün bilavasitə və qanuni maraq doğuran məsələlərdir və müvafiq dövlətin müstəsna daxili işlərinə aid deyil”.
Demokratik legitimliyindən əmin olan heç bir hökumət pozuntuların ifşa edilməsi üzrə istər daxili, istərsə də beynəlxalq səylərdən qorxmaz. Mənim öz hökumətimin xidmət dəftərçəsinə də burada baxılır və bəzən digər dövlətlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin tənqidinə məruz qalır. Biz heç də həmişə tənqidlə razılaşmırıq, amma ona ciddi yanaşırıq, ciddi şəkildə cavab verməyə çalışırıq.
Bundan başqa, mənim hökumətim burada təmsil olunmuş, öz nöqsanlarını etiraf edən və onların aradan qaldırılması üzərində necə işlədiyimizi müzakirə edən azsaylı hökumətlərdən biridir”, o qeyd edib.
Cənab Kozak həmçinin Azərbaycan hakimiyyətinin jurnalist Xədicə İsmayılovanın Varşavadakı iclaslarda iştirakına imkan verməməsi ilə bağlı təəssüfünü bildirib.
Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə demokratik və azad seçki mühiti olduğunu, fundamental azadlıqların təmin edildiyini bəyan edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun