APA-nın keçmiş əməkdaşı mühacirətə getmə səbəblərini açıqladı

APA-nın keçmiş əməkdaşı mühacirətə getmə səbəblərini açıqladı
29 Oktyabr 2016
Mətni dəyiş
"APA-Holdinq"in və "Yeni Müsavat"ın keçmiş əməkdaşı Fərahim İlqaroğlu Almaniyaya mühacirət edib. Bu barədə Abzas.net-ə jurnalistin özü açıqlama verib. 
Fərahim İlqaroğlu bildirib ki, başına gələn son hadisələrdən sonra ölkədən getmək qərarına gəlib: "Xüsusən də işlə bağlı müraciət etdiyim yerlərdə bildirdilər ki, yüksək səviyyədə tapşırıq var, səni heç yerdə işə götürməyəcəklər".
Jurnalist deyir ki, ailəsinə və özünə təhlükə hiss edib və ailəsinin təhlükəsizliyini təmin etməli idi: "Ona görə məcbur olub Almaniyaya gəldim. Burada şəhərlərin birində qaçqın düşərgəsində qalırıq".
Jurnalist miqrantlar üçün olan prosedurları keçməklərini gözlədiklərini bildirib: "Suriya və İraqdan gələn qaçqınlarla bir yerdəyik, çadırlarda qalırıq. Vəziyyət elə də yaxşı deyil. 8 aylıq övladımla gəlmişik, səhətində də ciddi problemlər var, nə vaxta qədər dözəcəyik, Allah bilir".
Fərahim İlqaroğlu bildirib ki, 6 ay müddətində onların müraciətinə cavab verəcəkləri deyilib. O qeyd edib ki, həmin müddətdə bir neçə düşərgəyə transfer olunacaqlar, o baxımdan onu və ailəsini xeyli çətinliklər gözləyir.
Qeyd edək ki, F.İlqaroğlunun "APA-Holdinq"dən çıxarılması qalmaqala səbəb olmuşdu.
O, işdən çıxarılmasına səbəb kimi Milli Şuranın 11 sentyabr aksiyası ilə bağlı virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevin yazdığı statusa müxalifyönümlü rəy yazmasını göstərmişdi.
Daha sonra jurnalist işdən çıxarılması ilə bağlı sosial şəbəkədə belə yazıb:
"Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun