Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub
5 Oktyabr 2016
Mətni dəyiş
Bu gün ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat sahəsində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov və onun tabeliyində işləmiş daha 3 şəxs – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun işi üzrə hazırlıq iclası davam edib.
Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri, amma Sabunçu Rayon Məhkəməsinin binasında baxır. İclas qapalı keçirilib.
Vəkil Cavid Rzazadənin verdiyi məlumata görə, iclasda vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər.
Xüsusən, onlar Hərbi Məhkəmənin müstəsna hüququ olmasına baxmayaraq, həbs barədə qərarın Səbail Rayon Məhkəməsində qəbul edilməsinin səbəbini araşdırmağa çağırıblar. Vəkillər təqsirləndirilən şəxslərin həbsi barədə qərarın əsassız hesab edilməsini və onun ləğv edilməsini tələb ediblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
Çovdarovun müdafiəsinə yeni vəkil – Kamandar Nəsibov qoşulub. O, 28 cildlik cinayət işinin materialları ilə tanış olmaqdan ötrü ona 20 gün vaxt verilməsini istəyib. Çovdarov özü də “xəstə olduğunu” və iş materialları ilə tanış ola bilmədiyini bildirib.
Lakin prokuror müdafiə tərəfə cəmi 15 gün verməyə çağırıb və hakim razılaşıb, növbəti iclası oktyabrın 19-na təyin edib.
A.Çovdarov həmçinin özünü pis hiss etdiyindən şikayət edib, 2006-cı ildə mədəsindən əməliyyat olunduğunu, daha sonra şuntlama əməliyyatı keçirdiyini bildirib.
A.Çovdarovla digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə, seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə cinayət törətmə və rüşvət almada ittiham olunur.
A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir. A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun