Vəkil: İşgəncə faktını yaymamaq üçün bizə təzyiq göstərilir

Vəkil: İşgəncə faktını yaymamaq üçün bizə təzyiq göstərilir
19 Sentyabr 2016
Mətni dəyiş
Bu gün vəkil Elçin Sadıqov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşüb.
Bu barədə vəkil sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, jurnalist bütün işgəncə faktlarını təsdiq edib:
"Dişlərini göstərdi, bildirdi ki, işgəncə zamanı vurulan zərbələrdən ağzındakı dişləri tökülür və qoyulma dişləri zərbələrdən artıq tökülüb. Başında, çənəsində və dişlərində dözülməz ağrılar yaranıb. Kəskin ağrılardan və yuxusuzluqdan əziyyət çəkir, təcili müalicəyə ehtiyacı var".
Elçin Sadıqov işgəncə faktlarının yayılmaması üçün təzyiqlərə məruz qaldıqlarını da bildirib:
"Təbii ki, bizə təzyiq edilir, hədə-qorxu gəlinir ki, işgəncə barədə faktları yaymayaq, onu təkzib edək. Bu təzyiqlər onun özünə, həyat yoldaşına və mənə edilir. Dəfələrlə Fikrət Fəraməzoğlunu heç bir zərurət və istintaq hərəkəti olmadan BMCMİ-yə gətirirlər".
Fikrət Fərəməzoğlu  Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunaraq həbs edilib.  Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunur ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib:
“Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun