Rüfət Səfərov: "Əzilənləri müdafiə etməyim mənə baha başa gəldi"

Rüfət Səfərov: "Əzilənləri müdafiə etməyim mənə baha başa gəldi"
14 Sentyabr 2016
Mətni dəyiş
Barəsində 9 il azadlıqdan məhrumetmə hökmu çıxarılan “üsyankar müstəntiq” Rüfət Səfərov vəkili Bəhruz Bayramov vasitəsilə “Azadlıq” qəzetinə müraciət göndərib.
Rüfət Səfərov müraciətiətinin əvvəlində “Yeni Müsavat”dan imtina etdiyini bildirir. Səfərovun müraciətində deyilir ki, onu həbs etmiş dairələrin ruporu olduğuna görə “Yeni Müsavat” qəzetinə onun haqqında hər hansı bir məlumat verməyi özü şəxsən qadağan edir. Lakin bu, “Yeni Müsavat”ın, başda Zamin Hacı olmaqla, bəzi əməkdaşlarına olan hörmətimə mane olmur.
Keçmiş müstəntiq müraciətində cəmiyyətə və ailəsinə də səslənir: “Salam dostlar, əhvalım yüksəkdir, sizlərin də xoş halınızı sidqi ürəkdən diləyirəm. Bu arada diqqətinizə və verdiyiniz dəstəyə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Birilərinin qəzəbini də anlayışla qarşılayıram. Sərbəst ifadəmi ortaya qoyub əzilənləri müdafiə etməyim mənə baha başa gəldi. 9 illik zindan həyatı ilə cəzalandırıldım. Lakin peşman deyiləm. Ədalətli cəmiyyət uğrunda mücadilə verdiyimən qəti olaraq əminəm. Barəmdə çıxarılan qanunsuz hökm mütləq Azərbaycan tarixinə qara hərflərlə düşəcəkdir. İbtidai və məhkəmə istintaqının qeyri obyektiv aparılması qalsın bir yana, hətta hörmətli vəkilim Bəhruz bəyin müdafiə nitqinə,mənim son söz syləməyimə belə imkan vermədən ittiham hökmünü oxudular. Bunu nə ilə müqayisə etmək olar? Hətta 37-ci illin repressiyaları zamanı belə təqsirləndirilən şəxslərə son sözünü söyləmə hüququ tanınırdı. Digər tərəfdən məni 9 ay ev dustaqlığında saxladılar. İslah işi səmərə verməyəndə evdə olduğum hər ayı bir il hesablayıb mənə 9 il iş verdilər. Sonda əziz atam Eldar Sabiroğluna, həcc ziyarətində olan sevgili anam Tahirə xanıma məsləhət bilirəm ki, sızlamadan, başlarını dik tutub şəstlə yerisinlər. Nuraya isə, qoyduğu şərtə, verdiyi dəstəyə görə ayrıca təşəkkür edirəm. Və həyatıma məna qatan nənəm Roza xanım məni gözləmədən bu həyatı tərk edərsə, onu bağışlamayacağam”.
Qeyd edək ki, Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.
Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.
Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra – yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.
Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.
R.Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun