Qiyas İbrahimovun həbs müddəti uzadılıb

Qiyas İbrahimovun həbs müddəti uzadılıb
9 Sentyabr 2016
Mətni dəyiş
Bu gün NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun məhkəməsinin hazırlıq iclası keçirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Q. İbrahimov ona dövlət hesabına təyin olunmuş vəkil Arif Nəsirovun xidmətindən imtina edib və bu barədə məhkəməyə yazılı ərizə təqdim edib.
Bundan sonra prokuror gənc fəalın barəsində həbs-qətimkan tədbirinin müddətinin sentyabrın 10-da başa catacağını bildirərək, həbs müddətinin uzadılması barədə vəsatət verib.
Qiyas İbrahimovun vəkili Elçin Sadıqov isə gənc fəalın ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətinin təmin olunmadığını açıqlayıb. Məhkəmənin qərarı ilə həmçinin həbs müddəti hazırlıq iclasının qərarı elan olunana qədər uzadılıb.
Hazırlıq iclasının davamı sentyabrın 20-nə təyin olunub.
Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir. İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.
Onunla birlikdə saxlanan başqa bir gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzadıb.
Qiyas İbrahimov Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham olunsalar da, işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun