"Nəşriyyat yaranmış borca görə qəzetin çapından imtina edib"

"Nəşriyyat yaranmış borca görə qəzetin çapından imtina edib"
2 Sentyabr 2016
Mətni dəyiş
"Bundan sonra «Azadlıq»ın yalnız iki nömrəsi nəşr oluna bilər. Səbəb isə borcla yanaşı, həm də qəzetə yaradılan əlavə problemlərdir".
Bu sözləri qəzetin baş redaktorunun müavini Rahim Hacıyev deyib.
Onun sözlərinə görə, "Azadlıq" qəzetinin buğunku (sentyabrın 2-si) sayını böyük çətinliklə nəşr etdirmək mümkün olub. R.Hacıyevin bildirməsinə görə, buna səbəb isə «Azərbaycan» Nəşriyyatının yaranmış borca görə qəzetin çapından imtina etməsi olub.
"Amma sonradan borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün "Azadlıq"a sentyabrın 5-nə qədər vaxt vermək qərarına gəldi və qəzetin çapı mümkün oldu",-deyə o qeyd edib.
R.Hacıyev deyir ki, son illərdə müxtəlif təzyiqlər üzündən maliyyə sıxıntıları yaşayan "Azadlıq" qəzetinin durumu yayım direktoru Faiq Əmirlinin həbsindən sonra daha da ağırlaşıb. Bunun da başlıca səbəbi qəzetin satışından əldə olunan vəsaitlə bağlı bank əməliyyatları aparılmasının mümkün olmamasıdır. Bu problemin həlli üçün hansısa şəxsə bank əməliyyatları aparmaq səlahiyyəti verilməlidir.
"Bu problemin həlli üçün müraciət etdiyimiz dövlət orqanı imza nümunəsini təsdiqləməkdən imtina edir. Ona görə də redaksiyanın bank hesabındakı vəsaiti götürmək imkanımız yoxdur", – deyə «Azadlıq»ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.
Onun deməsinə görə, belə bir vəziyyətdə "Azadlıq"ın yalnız iki nömrəsi nəşr oluna bilər.
Xatırladaq ki, Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.
AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun