Müstəntiq gəlmədiyi üçün baxış təxirə salınıb

Müstəntiq gəlmədiyi üçün baxış təxirə salınıb
14 Sentyabr 2016
Mətni dəyiş
''Müstəntiq gəlmədi, baxış sentyabrın 20-nə təxirə salındı''.
Bu barədə məlumatı vəkil Elçin Sadıqov verib.
Sentyabrın 14-də gənc fəal Qiyas İbrahimovun evində baxış-axtarış keçiriləcəkdi. Lakin müstəntiq baxışa gəlməyib.
Elçin Sadıqov bildirib ki, gənc fəal saxlandıqdan sonra yaşadığı evdə baxış adı ilə axtarış aparılıb və evdən narkotik tapıldığı deyilib:
“Həmin narkotikin mənzilə yerləşdirilməsini görən şahid var. Bununla bağlı Nizami Rayon Məhkəməsinə şikayət verilib”.
E.Sadıqov Q.İbrahimovun cinayət işi üzrə hazırlıq iclasının sentyabrın 22-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyini də qeyd edib.
Xatırladaq ki, Nida Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir. İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.
Onunla birlikdə saxlanan başqa bir gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzadıb.
Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib. Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs olunduğu güman edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun