Milli Şuranın mitinqinə müsbət cavab verildi

Milli Şuranın mitinqinə müsbət cavab verildi
15 Sentyabr 2016
Mətni dəyiş
Milli Şuranın sentyabrın 17-nə təyin etdiyi mitinqin müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib. Bu barədə Milli Şuranın üzvü Gözəl Bayramlı saytımıza məlumat verib.
MŞ mitinqlərlə sentyabrın 26-na təyin edilən referenduma və hökumətin siyasi, iqtisadi, sosial siyasətinə etiraz edir. Bu məqsədlə sentyabrın 17-də saat 15:00-a növbəti mitinqini təyin edib. Bundan əvvəl sentyabrın 11-də Milli Şura Bakıda "Monarxiyaya son, talana yox!" şüarı ilə aksiya keçirib.
Mitinqlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə müraciət yayıb. Müraciətdə deyilir ki, Milli Şuranın növbəti mitinqi sentyabrın 17-də, şənbə günü saat 15:00-da yenə “Məhsul” stadionunda olacaq:
"Sentyabrın 11-də Siz “Monarxiyaya yox, talana son!” şüarı ilə “Məhsul”a gəlib oradan QƏLƏBƏ ilə çıxdınız.
Sentyabrın 17-də yenə meydan Sizindir. Bütün Şərqdə ilk cümhuriyyət bayrağını ucaltmış vətənimizin başı üzərində monarxiya, ailə hakimiyyəti kabusu dolanmaqdadır. Gəlin bir daha monarxiyaya yox deyək!
Milli Şura olaraq bizim hədəfimiz millətimizin haqqı və hüququdur. Bir tikə çörəyə möhtac edilmiş Azərbaycan vətəndaşı ləyaqətli həyat haqqına, normal yaşam hüququna malikdir. Bacarıqsız, rüşvətxor və korrupsioner rejimdən ədalət gözləməyin.
17 sentyabrda biz Sizdən səs istəmirik, taleyinizə səssiz qalmamağınızı istəyirik. 11 sentyabrda çağlayan səsiniz millətimizin dirilik sədası idi. Gəlin 17 sentyabrı korrupsiya, rüşvət, yoxsulluq, işsizlik, bank asılılığı, insan ləyaqətinin alçaldılması üzərində milli iradənin nümayişinə çevirək".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun