Milli Şura: "Referendum legitim sayıla bilməz"

Milli Şura: "Referendum legitim sayıla bilməz"
19 Sentyabr 2016
Mətni dəyiş
Referenduma qarşı keçirilən mitinqlərdə yaradılan əngəllərlə bağlı Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir ki, Milli Şuranın 11 və 17 sentyabrda keçirdiyi mitinqləri ölkədə Konstitusiyaya dəyişikliklər haqda təyin edilmiş referenduma etiraz məqsədi daşıyıb.
"Mitinqlərdə həmçinin ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına və hökumətin vəziyyətdən çıxmaq üçün real addımlar atmamasına da etiraz bildirilib. Hakimiyyət Milli Şuranın hər iki mitinqinə mane olmaq üçün müxtəlif addımlar atıb. 11 sentyabr mitinqi üçün təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti qanunun tələblərini pozaraq son anda cavab verdi. Cavabın qəsdən yubadılması mitinqlə bağlı qeyri-müəyyənlik yaratmağa və bununla da aksiyanın hazırlığına zərbə vurmağa hesablanmışdı. Bundan başqa mitinq ərəfəsində müxtəlif təxribatçı informasiyalarla daha çox insanın aksiyaya qoşulmasını əngəlləməyə cəhdlər olmuşdu", - deyə sənəddə qeyd edilib.
Bəyanatda bildirilib ki, hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, 11 sentyabr mitinqi həm iştirakçıların sayına, həm də meydandakı əhval-ruhiyyəyə görə yüksək səviyyədə keçdi. Bunu görən hakimiyyət Milli Şuranın növbəti – 17 sentyabr mitinqini pozmağa daha ciddi hazırlıqlar gördü:
"17 sentyabr mitinqindən qabaq hakimiyyətin informasiya resursları aksiya ilə bağlı çoxsaylı təxribat xarakterli məlumatlar yaydı, gözdənsalma kampaniyası apardı. Baxmayaraq ki, 17 sentyabr mitinqi də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq BŞİH-lə razılaşdırılmışdı, bütün rayon polis idarələrinə, digər yerli hakimiyyət strukturlarına mitinqin baş tutmaması üçün təxirəsalınmaz tədbirlər görmək tapşırıldı".
Sənəddə qeyd olunur ki, mitinqin praktik hazırlığına da zərbə vurmaq məqsədilə aksiyaya bir neçə gün qalmış həbslərə başlandı – AXCP-nin 86 nəfər mitinq fəalı olan üzvü polis idarələrinə aparılaraq orada saxlandı və faktiki olaraq mitinq hazırlığından kənarlaşdırıldı. Mitinq günü isə rayonlardan Bakıya gələn yollar bağlandı, rayon nömrə nişanlı maşınlar paytaxta buraxılmadı.
"Lakin bütün bu maneələrə və təzyiqlərə baxmayaraq Milli Şuranın ikinci mitinqi də əvvəlki tək yüksək səviyyədə baş tutdu. Minlərlə insan güclü yağışa, uyğunsuz hava şəraitinə baxmayaraq meydana toplaşıb, ölkədə monarxiyanı qanuniləşdirmək niyyətinə və talançılığa “yox” dedi".
Milli Şura bildirib ki, 17 sentyabr mitinqindən sonra polis və polisə işləyən mülki geyimlilər vasitəsilə təxribat törədildi, aksiyadan evlərinə qayıdan onlarla insan heç bir əsas olmadan zorakılıqla avtobuslara doldurulub, Yasamal polis idarəsinə və bölmələrə aparıldı. Məqsəd güman ki, xof yaratmaq, növbəti mitinqlərin qarşısını almaq üçün bəri başdan zəmin hazırlamaqdır.
"Hakimiyyət Milli Şuranın anti-referendum mitinqlərini pozmaq üçün atdığı addımlarla əslində etiraf etdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı heç yoxdur, Konstitusiyaya düzəlişləri heç bir rəqabət, müzakirə və dinc etiraz imkanı olmadan, zorla həyata keçirilir", - deyə bəyanatda qeyd edilib.
Milli Şura bəyan edir ki, belə bir vəziyyət sentyabrın 26-na təyin edilmiş referendumun ən elementar hüquqların da tapdandığı şəraitdə keçdiyini göstərir. Bu referenduma təklif olunan düzəlişlər Konstitusiyaya zidd olduğundan, onun nəticələri onsuz da bəri başdan legitim sayıla bilməzdi. Üstəlik referendum əleyhinə keçirilən dinc və razılaşdırılmış mitinqlərin də qanunsuz yollarla və zorakılıqla pozulması bu referendumu tamamilə qeyr-legitim edir”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun