"Məhkəmədə verilən ifadələrdə kəskin ziddiyətlər mövcud idi"

"Məhkəmədə verilən ifadələrdə kəskin ziddiyətlər mövcud idi"
29 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “heykəl” məhbusu Qiyas İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
Vəkil Elçin Sadıqov Abzas.net-ə açıqlamasında bildirib ki, məhkəmədə 3 nəfər əməliyyatçı və 2 nəfər hal şahidi ifadə verdi:
"Onların ifadələrində kəskin ziddiyətlər mövcud idi. İfadələrindən də məlum oldu ki, kifayət qədər qanunsuzluq olub. Bununla bağlı biz öz çıxışımızı hazırlayacağıq".
Məhkəmədə polis əməkdaşı Bəylər Nağıyev ifadəsində bildirib ki, onlara Qiyas İbrahimovun narkotik vasitə əldə edib daşıması haqqında məluat daxil olub və həmin məlumat əsasında əməliyyat keçiriblər. Onlar Qiyas İbrahimovu saxlayıb idarəyə apardıqdan sonra o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təhvil verib. Şahid ifadəsində Qiyas İbrahimov saxlanıldıqdan sonra idarəyə vəkil və hal şahidlərinin də dəvət edildiyini deyib.
Vəkil Elçin Sadıqov isə bildirib ki, saat 18-də vəkil məsləhətxanaları bağlı olur. Vəkil şahiddən həmin vaxt vəkili haradan tapdıqlarını soruşub. Bəylər Nağıyev qrupun üzvü olduğunu, vəkili şəxsən özünün dəvət etmədiyini deyib. Hakim Ənvər Seyidov isə deyib ki, məsləhətxanalarda növbətçi vəkillər olur.
Gödəkcəsinin cibindən narkotik vasitə çıxardı 
Qiyas İbrahimov deyib ki, Bəylər Nağıyevin vicdanı da yalandan ibarət bir adamdır. Qiyas İbrahimov saxlanılan zaman həmin şəxsi görmədiyini deyib. Daha sonra digər polis əməkdaşı Çingiz Əlisəfərov ifadə verib. O da ifadəsində deyib ki, Mərdanov qardaşları küçəsində Qiyas İbrahimovu saxlayıb, ona özlərini təqdim ediblər. Qiyas İbrahimov da onlara özünü təqdim edib və heç bir etiraz etmədən maşına əyləşərək onlarla birlikdə idarəyə gedib. İdarədə hal şahidləri və vəkillərin işitirakı ilə ondan üzərində qanunsuz nə olduğunu soruşublar.Qiyas İbrahimov da gödəkcəsinin cibindən narkotik vasitəni çıxararaq onlara təqdim edib. Bildirib ki, onu 8-ci kilometr deyilən ərazidə adını bilmədiyi İran vətəndaşından alıb: "Yoxladıq, heroin idi. Daha sonra o, ərizə yazaraq narkotik vasitənin qalan hissəsini evdə saxladığını dedi. Özünün iştirakı ilə evinə baxış keçirdik. Çarpayının altından özü çıxararaq qalan narkotik vasitəni bizə təqdim etdi".
Prosesdən sonra vəkil Elçin Sadıqov bildirib ki, proses 4 oktyabra təxirə salınıb:
"4 oktyabrda keçiriləcək baxış zamanı ifadə verməli olan daha 2 əməliyyatçı və Qiyas İbrahimovun anası Şura Əmiraslanova da məhkəmədə olacaq".
Qeyd edək ki, Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə bu il mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.
qiyas  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun