"Heydər Əliyevin heykəlini yazdığıma görə həbs olunmuşam"

"Heydər Əliyevin heykəlini yazdığıma görə həbs olunmuşam"
20 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qiyas İbrahimovun barəsində olan cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında Qiyas İbrahimovun müdafiə hüquqlarının pozulması ilə bağlı vəsatətlər qaldırılıb. Vəkil Elçin Sadıqovun sözlərinə görə, onun qaldırdığı bəzi vəsatətlər təmin edilməyib:
"Yalnız Nərimanov rayon polis idarəsinin həyətində olan müvəqqəti saxlama yerinin kamera lentinin gətirilməsi və Qiyas İbrahimovun anasının şahid qismində dindirilməsi vəsatətləri məhkəmə tərəfindən təmin olundu. Qiyas İbrahimovun barəsində seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətim isə təmin olunmadı".
Vəkil bildirib ki, cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi və əməliyyat axtarış sənədlərinin məhkəmə buraxılışından xaric edilməsi barədə vəsatətlər də rədd edilib. Elçin Sadıqov sonda qeyd edib ki, vəsatətlərin təmin edilməməsi qanunsuzdur:
"Əməliyyat vaxtı Qiyas İbrahimovun dövlət hesabına təmin edilmiş vəkili haqda şikayətimi verdim. Hansı ki, həmin şəxs Qiyasın müdafiəsində iştirak etməyib və bu haqda sənədlərə imza atıb. Bununla bağlı Qiyas İbrahimov özü də ifadə verib. Həmin vəkil dəfələrlə bu cür pozuntular edib. Bu müdafiə hüququnun kobud şəkildə pozulmasıdır".
Qiyas İbrahimov isə məhkəmədə bildirib ki, narkotikə heç bir aidiyyatı yoxdur: "Heydər Əliyevin heykəlinin postamentinə şüar yazdığıma görə polislər evimə narkotik atıblar”.
Qeyd edək ki, növbəti məhkəmə prosesi 27 sentyabr saat 16:30-da keçiriləcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun