"Hakimiyyətin hərəkətləri qəzeti birdəfəlik susdurmağa yönəlib"

"Hakimiyyətin hərəkətləri qəzeti birdəfəlik susdurmağa yönəlib"
7 Sentyabr 2016
Mətni dəyiş
"Azadlıq" qəzeti bütün siyasi qüvvələri baş verənlərə laqeyd qalmamağa səsləyib.
"Hakimiyyət "Azadlıq" qəzetinin çap versiyasını dayandırmaq üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edir".
"Azadlıq" qəzeti redaksiyasının sentyabrın 7-də yaydığı bəyanatda belə deyilir.
Sənəddə qeyd olunur ki, "öncə qondarma "gülençi" ittihamı ilə qəzetin maliyyə direktoru Faiq Əmirli həbs edildi. Sonra nəşrin bank əməliyyatlarına süni əngəllər yaradılmağa başlandı. Nəticədə qəzet öz buraxılışını dayandırmalı oldu.
"Redaksiya əmindir ki, hakimiyyətin bu hərəkətləri çağdaş Azərbaycanın ilk müstəqil qəzetini birdəfəlik susmağa məcbur etməyə yönəlib", deyə bəyanatda vurğulanır.
"Azadlıq" qəzeti Mətbuat Şurasını, yerli və beynəlxalq təşkilatları, xarici ölkələrin səfirliklərini, Azərbaycanda hüquqi dövlət quruculuğunda maraqlı olan bütün siyasi qüvvələri baş verənlərə laqeyd qalmamağa səsləyib.
Sentyabrın 6-da hökumətin nəzarətində olan "Azərbaycan" nəşriyyatına borca görə "Azadlıq" qəzetinin çapı dayanıb.
"Azadlıq" qəzetinin yayım üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin olaraq 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.
Sentyabrın 6-sı və 7-də "Azadlıq" qəzetinin əməkdaşları Xəyal Babayev və Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindiriliblər.
"Azadlıq" qəzetinin yaxın olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası isə F.Əmirlinin həbsini və bu mətbu orqanı ilə bağlı baş verənləri siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.
Azərbaycan rəsmiləri isə ölkədə söz və mətbuat azadlığına basqıların olması ilə bağlı səslənən fikirlərlə razılaşmırlar. Hakimiyyət rəsmilərinin fikrincə Azərbaycanda KİV-lərə geniş fəaliyyət imkanı yaradılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun