G20 Liderlər Sammiti sabah başlayır

Çinin ilk dəfə ev sahibliyi edəcəyi və 4-5 sentyabr tarixlərində keçiriləcək “G20 Liderlər Sammiti” dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarına malik 20 ölkə ilə yanaşı, dəvət edilmiş ölkələrin dövlət və hökumət başçıları ilə beynəlxalq təşkilatların səlahiyyətlilərini bir araya gətirəcək.
Zirvəyə dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarına sahib G20 ölkələriylə, ev sahibi Çinin dəvət etdiyi Çad, Misir, Qazaxıstan, Laos, Seneqal, Sinqapur, İspaniya, Tayland da qatılacaq. İki gün davam edəcək zirvəni təxminən 5 min mətbuat mənsubu izləyəcək.
Türkiyə prezidenti Recep Tayyip Erdoğanın da qatılacağı bu ilki sammitin əsas mövzusu “yenilikçi, canlandırılmış, əlaqəli və əhatə edici dünya iqtisadiyyatı” olacaq. Bu çərçivədə liderlər, davamlı inkişafın təmin edilməsi üçün qısa zamanda problemlərin tapılması və uzun müddət ərzində problemlərin əsas səbəbləriylə mübarizə yollarını qiymətləndirəcək.
Sammitdə həmçinin sabit dünya iqtisadiyyatının canlandırılması üçün yeni yolların axtarılacağı, ortaq gələcək üçün G20 ölkələrinin bir-biriylə əlaqələrinin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələr başda olmaq üzrə bütün ölkə və insanların dünya iqtisadiyyatından faydalanması üçün atılacaq addımların dəyərləndirilməsi gözlənilir.
Qeyd edək ki, G20 Liderlər sammitində 70 ölkədən təxminən 2 min, Çindən isə təxminən 3 min media işçisi iştirak edəcək.