Cahangir Hacıyev Maliyyə Nazirliyinə cavab verdi

Cahangir Hacıyev Maliyyə Nazirliyinə cavab verdi
5 Sentyabr 2016
Mətni dəyiş
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ölkədən 5 milyard çıxarıb ofşor zonalara yerləşdirməsi barədə Maliyyə Nazirliyinin ittihamlarına cavab verib.
"Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur - Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə? Mənimsənildiyi iddia olunan vəsait layihələrə sərf olunub. Bu gün həmin layihələr öz əllərində olduğundan sənədləri vermirlər. Nə baş verdiyini siz də, mən də yaxşı bilirik. Şou göstərəndə, heç olmasa, yaxşı təşkil eləyin. Mənə də 100 sifariş olub, amma elə eləmişəm ki, nə şiş yanıb, nə kabab. Daha şou göstərməmişəm", – C.Hacıyev məhkəməsində çıxış edərkən deyib.
Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyev və digərlərinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının gedişindən narazılıq edib: "Təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası, müdafiə hüququ pozulur. İttiham tərəfi qərəzli sənədlər təqdim edir. Bizim sənədlərlə bağlı vəsatətlərimiz isə ümumiyyətlə, heç müzakirəyə çıxarılmır".
Vəkil Maliyyə Nazirliyinin 5 milyardlıq ittihamını isə C.Hacıyev barəsində mənfi ictimai rəy yaratmaq cəhdi kimi qiymətləndirib: "Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyib, yoxdursa, niyə belə açıqlama verir?".
Prokuror cavabında bildirib ki, o açıqlamanın ittihama aidiyyəti yoxdur: "O açıqlama bankla yox, şəxslə bağlıdır".
Məhkəmə davam edir.
Cahangir Hacıyev məhkəmə proses başlanandan maliyyə naziri Samir Şərifovu ittiham edir, nazirin onunla birlikdə müttəhimlər kürsüsündə oturmalı olduğunu deyir, S.Şərifovu devalvasiyada günahkar sayır. Maliyyə Nazirliyi isə bu günlərdə verdiyi açıqlamada bu ittihamları "əsassız" adlandırıb, bank vasitəsilə 3.7 milyard dollar və 1.1 milyard avro vəsaitin ölkədən çıxarıldığını bildirib.
Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun