“Bayram Məmmədovu və onu müdafiə edənləri “krestit” etmək lazımdır”

N!DA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun istintaqında üzləşmə zamanı polislər vəkilə və siyasi məhbusa hücum edib.
Bu gün Bakı İstintaq Təcridxanasında gənc fəal Bayram Məmmədovun cinayət işi ilə bağlı istintaq hərəkətləri aparılıb. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.
Buna da baxın: “Heydər Əliyevin heykəlini yazdığıma görə həbs olunmuşam”
Vəkilin sözlərinə görə, gənc fəal polis əməkdaşları Şirəli Babayev, Naib Ömərov , Fərid Babayev və hal şahidi Nizami Quliyev ilə üzləşdirilib:
Bayram Məmmədov işgəncələrə məruz qalması barədə ifadəsini ona işgəncə verən şəxslərin üzünə dedi və ardınca mübahisə yarandı”.
“Polislərdən Şirəli Babayev üzləşmə zamanı bildirdi ki, “Bayram Məmmədovu, onu öyrədənləri, müdafiə edənləri “krestit” (xaçlamaq) etmək lazımdır. Bununla bağlı mən onun cavabını verəndə və protokolda rəsmiləşdirəndə bizə hücum etməyə cəhd etdi. Təcridxana əməkdaşları onun qarşısını aldılar”, – vəkil baş verən hadisə barədə məlumat verib.
Buna da baxın: İctimai-siyasi fəaliyyətə, fikirlərə görə təqib olunduqda nə etmək lazımdır?
Xatırladaq ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib. Nida Vətəndaş Hərəkatı gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi bəyan edib.