"30-a yaxın sənədə qol çəkəndən sonra bildim ki, adıma 11 milyon 928 min dollarlıq kredit götürülüb"

"30-a yaxın sənədə qol çəkəndən sonra bildim ki, adıma 11 milyon 928 min dollarlıq kredit götürülüb"
2 Sentyabr 2016
Mətni dəyiş
"İttihamda göstərilən 157 kredit, o cümlədən VİP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə, ona yaxın adamlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı olmalı idi, amma olmayıb. Bu kreditlər təminatlı verilməliydi, lakin Cahangir Hacıyevin göstərişi ilə məcbur olub təminatsız verirdik. Bu, qanunsuz idi, ona görə də Cahangir Hacıyev işdən çıxandan sonra bu barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət elədim".
Bu sözləri "Azərbaycan Beynəlxalq Bankı" ASC sədrinin müşaviri Emin Mustafayev məhkəmədə ifadə verərkən deyib. O, bankın keçmiş rəhbəri Cahangir Hacıyevin birinci müavini olub.
Beynəlxalq Bank işi üzrə məhkəmədə şahid qismində danışan E.Mustafayev C.Hacıyevdən o, vəzifədən gedəndən sonra DİN-ə şikayət etməsinin səbəbini isə belə izah edib: "Cahangir Hacıyev rəhbər idi, biz də onun göstərişlərini yerinə yetirməyə məcbur idik. Bizim bir əməkdaşımız vardı, Cəlil Daşdəmirov. O, Cahangir Hacıyevin göstərişlərindən birini yerinə yetirmədiyinə görə işdən uzaqlaşdırıldı".
Məhkəmədə 1997-2008-ci illərdə C.Hacıyevin sürücüsü, daha sonra isə Beynəlxalq Bankın baş ofisində mütəxəssis işləmiş Aydın Mehdiyev də ifadə verib: "Mərkəz filialının rəhbəri Anar Sultanov mənə zəng eləyib dedi ki, gəl, müəyyən sənədlərə qol çək. Mən də Cahangir müəllimdən soruşdum, o da razılıq verdi, dedi ki, layihələrlə bağlıdır. Getdim, 30-a yaxın sənədə qol çəkdim. Sonradan bildim ki, mənim adıma 11 milyon 928 min dollarlıq kredit götürülüb".
Dövlət ittihamçısı Fərid Nağıyev iş materiallarına istinadən bildirib ki, A.Mehdiyevin adına 2009-cu ilin yanvarından 2013-cü il sentyabrın 1-dək 3 ədəd plastik kartlar vasitəsilə 32 milyon dollar, 18 milyon 730 min avro, 10 milyon manat ayrılıb.
Məhkəmə prosesi davam edir.
Ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cahangir Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun