Xalqlar ölmür, ən miskin duruma düşdükdə belə ayağa qalxa bilir – Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu
Sizi heç nə xilas edə bilməz… Çünki siz ilk gündən həqiqətə yox, pula inanırdınız. Pul isə hər gün bir az da ölür, onu xilas etməyə də həqiqətiniz yoxdur. Çünki bütün bu illəri həqiqətin düşməni olmusunuz. İndi durub etiraf edə bilmirsiniz ki, siyasətiniz yalan üstündə qurulub, talanla davam edib, ən gözəl şanslar yelə verilib, ən amansız addımlar atmısınız.
Siz məhkəmələri bazara çevirdikcə, ölkədə iqtisadi bazar ölürdü. Siz azad səsləri batırdıqca, inkişafın dayaqları çökürdü. Siz siyasi rəqibləri məhv etdikcə, inkişafı təmin edəcək azad adamlar qaçırdı. Siz iqtisadi rəqibləri sıradan çıxarıb inhisar şəbəkəsi düzəltdikcə, məhsuldarlıq ölürdü, məsələn, yeni qurulan zavodlar bağlanır,  Gədəbəyin bərəkətli torpaqlarından az kartof yığılırdı.
Siz durmadan yalan istehsal edir və onu neft dolları ilə bazarda dövr elətdirirdiniz, abadlıq və parklarla, binaların üzlənməsi ilə “gözəpərdə” iqtisadiyyatı qururdunuz. Üzlənən binalar da yandı, manat da, ötən illərimiz də, hələ gələcək üçün şanslarımız da.
Manat təkcə Azərbaycanın müstəqillik simvolu deyildi. Elçibəy böyük inadla rus qoşunlarını çıxarıb rus çəkməsinin tapdağındakı ölkələrin hamısı üçün nümunə və presedent verdiyi kimi, manatı da keçmiş sovetlər ölkəsinin örnəyinə çevirmişdi. O zaman beynəlxalq maliyyə qurumları israr edirdi ki, ayaq üstündə durmaq üçün rus rublunda qalaq, amma Azərbaycan prezidenti – o böyük insan, o gözəl insan milli valyutaya keçdi və bütün digər talebirliyi olan ölkələr Azərbaycanın ardınca öz pulunu buraxdı. Yeni region belə yarandı – həm də manatın gəlişi ilə.
Siz isə saxta ictimai və iqtisadi sistem qurmaqla həmin manatı məhv etdiniz. İndi manat cib müxalifətinizə oxşayır, arxasında neft dolları durur yalnız.
Aylarla yeni iqtisadi təşəbbüslər, fərmanlar, tədbirlər, ölçülər, sahibkarlar mərhələsi oldu. Həqiqət mərhələsi olmadı amma, ədalət gəlmədi, həbslər dayanmadı, azad söz, azad seçki olmadı. Hakimiyyəti saxlamağın yeni üsulları üçün Konstitusiyanı dəyişməyə belə qalxdınız. Bundan sonra iqtisadiyyat qalxa bilər? Kim inanar bu ölkənin perspektivinə. Potensial sərmayəçi görmürmü ki, “Azadlıq” qəzetinin hamının yaxşı tanıdığı əməkdaşı Faiq Əmirlini özünüzün dostluğunda olduğunuz FETO-nun imamı çıxardırsınızsa, sabah da onu viski içdiyi süfrədən qaldırıb İŞİD-çi elan edərsiniz. Potensial iş adamı görmürmü ki, tanınmış iqtisadçını – Natiq Cəfərlini gecə vaxtı səbəbsiz  tutub aparırsınız, onun iqtisadiyyata etimadı və inamı qalar?
Elə bilirsiniz ki, Əli Kərimlini susdursanız, İlqar Məmmədovu həbsdə saxlasanız, Əli İnsanova yeni cinayət işi açsanız, İlkin Rüstəmzadəni və adlarını çəkmədiyim çox sayda parlaq insanı zülmətdə qapasanız, vəziyyətdən çıxış yolu tapılacaq?
Daha dərinə batırsınız – ölkəni də, amma özünüzü də.
Amma bir şeyi bilməkdə fayda var. Xalqlar ölmür, ən miskin duruma düşdükdə belə, ayağa qalxa bilir, sel olub qarşısını təmizləyir, özünə parlaq sabah qura bilir. Yaxşı söz üçün uzağa getməyək. Bəlkə də adını eşidəndə ikrah hiss keçirdiyiniz Asif Atanın dollardan əyarlı bir sözü var: “Ağaclar ölər, meşələrsə əbədidir”.
Bu xalq əbədidir. Bu ölkə əbədidir. Bizə cümhuriyyət quran babalarımız  isə sadəcə unutdurmağa çalışdığınız keçmişimiz deyil, gələcəyimizdir. Biz adil bir quruluş – həqiqi demokratik dövlət quracağıq.  O zaman sizin yetişdirdiyiniz yalançılar və yaltaqlar ordusu öz dürüst əməyi ilə yaşayıb, iqtisadiyyatımızın inkişafına bəhrə verəcəklər.
O zaman həqiqət bu ölkəni yeniləyib ən yaxşı günlərə aparacaq. O zaman biz olsaq da, olmasaq da, o günlər gerçəkləşən arzumuz kimi sizin gözünüzü qamaşdıracaq.