Uzun çəkən proses və gözləmək - Rəhim Vəliyev

Uzun çəkən proses və gözləmək - Rəhim Vəliyev
22 Avqust 2016
Mətni dəyiş
Rəhim Vəliyev
Son zamanlar müxalif düşərgədə aktual bir ifadə var: “Proses uzun çəkdi, hərə bir cür dəli oldu”. Prosesin uzun çəkdiyi kimi bizim də gözlədiyimiz bir həqiqətdir. Elə burdan yola çıxaraq, gözləyənləri, gözləməkdən əl çəkənləri bu fel üzərindən dəyərləndirməkdir məqsədim.
Gözləmə bir feldir. Fel niyyət halında bir hərəkət və ya hərəkətsizlik halıdır. Gözləmə halında gözləmək kimi. Şüurun bir nöqtəyə fokuslanması vəziyyətini də ifadə edən gözləmək, gözləyəni və gözləniləni tələb edir. Gözləyən, şüurlu bir varlıq olmalıdır. İnsan ya da şüurlu varlıq xaricində gözləyəndən danışmaq mümkün deyil.
Qatar, gözləməz. lakin saxlanılır və ya dayanır. Qoyun, qəssabı gözləməz. Gözlənən isə şüurlu ya da şüursuz varlıq ola bilər. Gözlənilən, gözləndiyini bilən bir varlıqdırsa şüurlu ola bilər. Qəssab qoyunu, sərnişin qatarı, uşaq işdən qayıdan valideyni gözləyər. Nümunələrdən də anlaşıldığı kimi fəal olan daha çox gözləyəndir; Gözlənilən, sadəcə gözləniləndir ki, gözləndiyinin fərqində də belə olmaya bilər. Gözlənilən, şüurlu olduğu, yəni gözləndiyinin fərqində olduğu qədər aktivdir. Uşağı tərəfindən gözlənilən ananın vəziyyətində olduğu kimi.
Gözləyən, elə bir eksiztanstır ki, gözləməyi davam etdirə və ya gözləməkdən imtina edə bilər. Bu, gözləyənin azadlığını ifşa edir. Heç gözləməyəcəyi halda belə o, azaddır. Buradakı "edə bilməzlik" halını ifadə edən zərurət, iradənin gözləməzlik etməyəcəyi bir imkanı müəyyən edir və iradə bunu qəbul edir. Çünki imkanın olduğu yerdə azadlıq vardır. Hər halda, gözləmək və ya gözləməmək (gözləməkdən əl çəkmək) hürriyyət hissinə səbəb olur.
Yalnış bir anlaşılmayla, gözləyən gözlədiyini düşünsə azadlığını itirdiyi hissinə qapıla bilər. Amma bu hiss, bir görüntüdür. Burada gözləyən, gözləmək məcburiyyətində qaldığını düşünür. Halbuki gözləmək məcburiyyətində qoymaq deyə bir zərurət, gözləyən üçün keçərli ola bilməz. Çünki gözləmək, azad olmaq məcburiyyətindədir.
Sonsuza qədər gözləmək ilə heç gözləməmək, gözləmək və ya gözləməmək halında olanın azadlığında bərabər dəyərə malikdir. Əbədi gözləyən də heç gözləməyən də azaddır.
Aradakı fərq, vəziyyət dəyişdirmə fərqidir və bu da azadlıqdan irəli gəlir. Vəziyyəti dəyişmək, şüur dəyişikliyinə səbəb ola bilər. Var olduğumuz haldan başqa bir var oluş halına keçid olaraq da ifadə edə biləcəyimiz bu hal, nadir hallarda olsa da, iradə zəifliyinə səbəb ola biləcəyi kimi iradə zəifliyindən da qaynaqlana bilər. Əgər belə bir zəiflik varsa, hürriyyətimiz təhlükəyə düşər.
Gözləmək, gələcəyə aid bir anı "indi" halına çevrilmə istəyidir. Bu səbəbdən gözləmək ilə zaman arasında sıx əlaqə vardır. Gözləmənin faktiki çərçivəsində zaman, mücərrəd bir kateqoriya deyil; konkret bir var oluş halıdır. Bu konkret var oluş halı ilə zaman arasındakı əlaqə, gözləmə felindən başqa, bir çox digər fellərlə də reallaşa bilər.
Vicdan əzabı, azadlıq, iman etmək və s. hallarda bu kimi bənzər halar da yaşanır. Gözlədiyimiz, maraq dairəmizdə olan şeylərdir. Maraq dairəmizdə olmayan şeylər isə bizim tərəfimizdən gözlənə bilməz. Bəlkə də gözləmədiyimiz şeylər də elə bundan qaynaqlanır. Bəzi başqa fellər kimi gözləmə feli də, bizi varlığımızdan xəbərdar edir.
Gözləmə əsnasında bir çox ruh halları yaşanır və bütün bu hallar bəzi fenomenlər formasında özünü göstərir. Həyəcan, sıxıntı, qətiyyətsizlik, tələskənlik bunlardan bəziləridir. Bu fenomenlər, gözləməyin çətinliyinə da dəlalət edir. Amma gözləmə əsnasında əsl göstərilməsi lazım olan, səbrdir. Gözləməyə sərf edilən vaxt, səbrimizi ölçür. Səbr isə bizi təkmilləşdirir.
Burada Bergsonun ifadəsi yada düşür: "Müddət - gözləmə əsnasında keçən zamanın səbrimizi ölçməsi, əslində dözümlülüyümüzün müddətinin ölçülməsidir". Amma ölçmək anlayışını yanlış anlamamaq lazımdır. Çünki ölçmək, kəmiyyəti göstərir. Halbuki dözümlülüyümüz, kəmiyyət olaraq ifadə edilə bilməz və ölçülə bilməz. Burada obyektiv zaman işə yaramır.
Bəzi hallarda gözləmə ilə ümid etmə arasında əlaqə var. Ümid etdiyimiz şeyin baş verməsini gözlədiyimiz kimi. Amma ümid etmək gözləmək, gözləmək də ümid etmək deyil. Gözləmək, zamanın hər bir hissəsilə bağlıdır. Gözləyən, gözlədiyinə dair keçmişə aid bir təcrübəyə malikdir. Məsələn, yazın gəlməsini gözləyən bir turizmçinin gözləməsi kimi. Çünki turizmçi, keçmişdə yaşadığı bir vəziyyəti, təkrar yaşamağı gözləyir. Bunun üçün gözləməkdə olduğumuz şeylətdə realist ünsürlər çox olur.
Ümid etdiyimiz şeylərdə isə hər zaman real faktorlara rast gəlinməyə bilər. Beləliklə, ümid, gələcəyə aid qeyri-müəyyənliyə malikdir. Gözləmə isə bu qeyri-müəyyənlik daha azdır. Son olaraq proses uzun çəksə də gözləyirik. Real faktorlarımız çoxdur və gözləyirik. Dəli olanlar isə gözləməkdən əl çəkmiş, iradəsiz və ya şüursuz varlıqlardır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun