Türkiyədə transgender qadın yandırılıb

Türkiyədə transgender qadın yandırılıb
22 Avqust 2016
Mətni dəyiş
Transgender qadın Hande Kaderin qətli İstanbulda böyük hiddətə səbəb olub. Türkiyə, LGBTİ (lesbian, gey, biseksual, transgender və interseks) icması məsələsində son dərəcə mühafizəkar olaraq qalsa da, bazar günü fəallar İstanbulda bu qətli pisləyən etiraz yürüşü planlaşdırıblar.
"Hande dünyada ən gözəl insanlardan biri idi. O adətən çox sakit idi, lakin bəzən çılğın olurdu. O həmişə LGBT yürüşlərinə qatılırdı, ölümünədək düzgün saydığı bir şeyi müdafiə edirdi".
Davut Dengiler 23 yaşlı kirayə yoldaşı Hande Kaderi məhz belə təsvir edir və sözlərinə davam edir:
"Mən morqdan çıxırdım və özümdə bir yüngüllük hiss edirdim ki, Handeni ölüxanada tapmamışam. Elə bu vaxt həkim dedi ki, orada bir yanmış cəsəd də var. “Bir ona da bax”. Baxdım. Mən onun əlamətlərini dedim. Sonra onlar kompüterdə protokola baxdılar. Bu anda həkim əlini mənim kürəyimə qoyub başsağlığı verdi. Mən özümü itirdim”.
O Kaderin başqa insanların ölümünə reaksiyasını xatırlayır: “Trans adamlar öldürüləndə dəli olurdu. Elə kədərlənirdi ki… Onun özünü əvvəllər bıçaqlamış və döymüşdülər. Bu təkcə Handenin başına gəlməmişdi. Bunu onların hamısına edirlər”.
Qeyd edək ki, Handenin meyiti ötən həftə İstanbuldakı meşəlikdən tapılıb.
“Seks işçisi” kimi çalışan Hande Kaderi sonuncu dəfə müştərisinin maşınına minən görüblər.
Handenin ölümü kimi Türkiyədə bir çox bu cür hal baş versə də, LGBTİ fəalları translara qarşı zorakılığa etiraz etsələr də, Türkiyə cəmiyyəti buna nadir hallarda reaksiya verir.
Transgender Avropası insan haqları qrupunun məlumatına görə Türkiyə trans qətllərinin sayına görə Avropada birinci yeri tutur.
Qrupun 2016-cı il hesabatında deyilir ki, “translar üçün salamat ölkə” yoxdur.
Daima etiraz səsini yüksəldən Hande Kader diqqəti Türkiyədə trans qətllərinə və bu qətllərə görə cəzasızlığa çəkmək üçün çalışırdı. Buna görə də LGBT aksiyalarının ön cərgələrində olurdu.
Kader mitinqlər zamanı jurnalistlərə yaxınlaşar və deyərdi: “Siz elə hey bizim şəkillərimizi çəkirsiniz, amma çap etmirsiniz. Heç kim bizim səsimizi eşitmir”.
Hande Kaderin səsi onun qətlilə kəsilib. Özü də heç kimin təsəvvürünə gətirə bilməyəcəyi bir tərzdə. O yandırılıb.
O fahişə kimi işləyirdi və həyatı daim riskdə idi. Başqa translar kimi o da küçələrdə fahişəlik etməyə məcbur idi, küçələrdən çıxış yolu axtarırdı, lakin tapa bilmədi.
"O bu işi sevmirdi. Amma insanı da bu cür öldürmək olarmı?” - bu sözləri Kaderin rəfiqəsi Funda deyir.
Xatırladaq ki, 15 iyulda baş tutmamış çevriliş cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyətdə nümayişlərin keçirilməsinə məhdudiyyət qoyulub.
Lakin ilk dəfə olaraq Türkiyənin tanınmış insanları Handenin qətli ilə bağlı səslərini ucaldıblar. Onlar bazar gününə planlaşdırılmış yürüşdə iştirak etmək istəyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun