Taleh Bağırzadə Recep Tayyip Erdoğana məktub yazıb

Taleh Bağırzadə Recep Tayyip Erdoğana məktub yazıb
26 Avqust 2016
Mətni dəyiş
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Türkiyə prezidenti Recep Tayyip Erdoğana müraciət edib.
Səbəb Azərbaycanda son vaxtlar Fethullah Gülən şəbəkəsinə bağlılıq ittihamı ilə həyata keçirilən həbslərdir.
Taleh Bağırzadə məktubda əvvəlcə ötən il noyabrın 26-da Nardaranda keçirilmiş keçirilmiş əməliyyat, saxlanılan şəxslərə qarşı işgəncələrdən bəhs edir, ona və tərəfdarlarına ittihamların qurama olduğunu vurğulayır.
"Hüquq-mühafizə orqanlarının iddialarının əksinə olaraq, bizdə hər hansı silah-sursat, döyüş sursatı olmayıb, özüm və ətrafımdakı insanlar yalnız dinc şəkildə ibadətlə məşğul olmuşuq. Məhkəmə prosesinin ilk günlərində verilmiş ifadələrlə polis qardaşlarımızın məhz qanlı əməliyyat-tədbirini həyata keçirən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən öldürüldüyü öz təsdiqini tapıb. Mənim və tərəfdarlarımın yeganə günahı Azərbaycan hakimiyyətini tənqid etmək olub və məhz buna görə onların dərin kin və qəzəbinə düçar olmuşuq" – T.Bağırzadə yazır.
İyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdinə toxunan ilahiyyatçı bildirir ki, Azərbaycan hakimiyyəti bu hadisədən öz siyasi rəqiblərini, ölkədəki rejimi tənqid edənləri sıradan çıxarmaq və susdurmaq üçün sui-istifadə etməkdədir:
"Əsas müxalifət partiyası olan AXCP-nin bəzi fəalları heç bir hüquqi əsası olmadan, absurd və hətta primitiv hüquqi tənqidlərə belə cavab verməyən "Gülençi" ittihamları ilə həbs edilib, hakimiyyətyönlü media vasitələrində Əli Kərimlinin (AXCP sədri) "Gülençi"lərlə şübhəli əlaqələri olması barədə gülünc iddiaların yer aldığı yazılar tirajlanır. Məqsəd isə Azərbaycanın fürsətcil siyasi hakimiyyətinin qardaş ölkədə yüzlərlə insanın ölümü ilə nəticələnmiş qanlı hadisədən öz siyasi maraqları naminə yararlanmasıdır. Halbuki, Azərbaycanda əsl "Gülençilər" siyasi hakimiyyətin müxtəlif qollarında, hakim siyasi dəsti-xətti müdafiə və təbliğ edən televiziya və digər media quruluşlarında, böyük şirkət və holdinqlərdə yuva salıblar və onlara bu vaxta qədər "gözün üstə qaşın var" deyən olmayıb".
Həbsdə olan ilahiyyatçı məktubunun sonunda Türkiyə prezidentinə çağırış edib:
"Sizdən təvəqqem budur ki, Azərbaycan hakimiyyətinin qardaş ölkədə baş vermiş qanlı hadisələrdən öz çirkin niyyətləri naminə faydalanmasına, öz sivil rəqiblərini şərləyib sıradan çıxarmasına imkan verməyəsiniz! Doğrudan da əgər hakimiyyət "Gülençilər"lə mübarizə aparmaq niyyətlərində səmimidirsə, onda ilk növbədə hakimiyyət dəhlizlərinə nəzər salsın, orada əyləşmiş kifayət qədər nüfuzlu və aşkar siyasi və maliyyə güc sahiblərinə, onların media şəbəkəsinə diqqət yetirsin! Bu dəfə hakimiyyət qardaş ölkədə çoxlu sayda insan tələfatından bəhrələnir, yüzlərlə dinc insanın meyiti üzərində aşkar siyasi möhtəkirlik, ölkəmdə sivil, amma tənqidçi insanların cəzalandırılması məqsədilə istifadə edir. Sizdən xahiş edirəm, bu müstəsna riyakarlıq və siyasi manipulyasiyanın qarşısını alasınız".
“Müsəlman Birliyi Hərəkatının” rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur. T.Bağırov ittihamları qəbul etmir. Heç kimi öldürmədiyini, heç bir silahlarının olmadığını, əksinə güc orqanlarının təxribatları ilə üzləşdiyini bildirir.
Baş Prokurorluq Fetullah Gülen tərəfdarları ilə bağlı cinayət işi başladığını bildirib. Daha sonra AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli və partiyanın Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədli saxlanılıb.
Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Güleni Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. Ancaq F.Gülenin özü bu ittihamları qəbul etmir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun