"Təhsildə özbaşınalıq baş alıb gedir, 27 balla işə düzələn müəllimə var"

"Təhsildə özbaşınalıq baş alıb gedir, 27 balla işə düzələn müəllimə var"
25 Avqust 2016
Mətni dəyiş
Bir qrup müəllimin təhsil sistemindəki problemlərlə bağlı saytımıza müraciətini təqdim etmişdik. Təhsil nazirinə açıq məktubda müəllimlər vakant yerlərin elan olunmamasından, sonra isə rüşvətlə həmin yerlərə təyinatların olmasından şikayətlənirdi. Təhsil nazirliyindən isə müəllimlərin həmin məktubuna münasibt almaq cəhdimiz nəticəsiz qaldı, nazirlik rekasiya vermədi. 
Onlar, məktubda müəllimlərin işə qəbul olunmasında əsas olan vakant yerlərin gizlədilməsinin aşkara çıxarılmasını və həmin yerlərin “vakant yer seçimi”nə buraxılmasını tələb edirlər.
Problemlə bağlı saytımızın oxucuları da məsələyə münasibətlərini bildiriblər. İxtisasca müəllim olan Pərvanə Məmmədova yazır ki, təhsil sistemində özbaşınalıq baş alıb gedir:
"Təhsil millətin gələcəyidir. Artıq bilinir gələcəyimiz necə olacaq! Hər şey göz qabağındadı, vakansiyalar gizlədilir, savadsızlar hansı yollarlasa işləyir, savadlı gənclər isə işsiz qalır. Dörd ildən artıqdır ki, təhsilimi başa vurub vakant yer gözləyirəm. Hər il ucqar rayonlarda yer olur, ailəli adam necə gedib orda işləsin? Mərkəzdə yerləşən məktəblərə isə vakant yer göstərilmədiyi halda hər il yeni müəllimlər işə başlayır".
Sumqayıtda vakant yerlərin azlığından şikayət edən anonim bir oxucumuz deyir ki, Sumqayıtda vəziyyət ümumiyyətlə dəhşətlidi, 6 ildən çoxdur heç bir vakansiya vermirlər, ancaq ibtidai sinif, hərbi idman fənlərindən vakant yerlər görünür:
"Axı niyə?! Yəni 6 ildə heç bir müəllim pensiyaya çıxmır? Mən bunları düşünə bilirəm, amma səlahiyyətli şəxslər bu barədə fikirləşmir. Hər dəfə televiziyada müəllimlərin qəbul imtahanından söz açırlar. Deyirlər ki, bundan sonra direktorların vakant yerləri gizlətmələrinin qarşısını alacağıq. Xırdalan məktəbində 27 balla işə düzələn müəllimə var, o müəllimənin sənədləri hardan keçir?! Əlbəttə ki, nazirlikdən".
Bunu da oxuyun: Təhsil nazirinə açıq məktub - "Vakant yerlərin hamısı elan olunsun!"
"Bəzi yerlərdə iki vakant olmasına baxmayaraq, hər il əl altından onlarla yeni müəllim çalışmağa başlayır. Halbuki deyirlər yoxdur" - müəllimlər etirazını belə qeyd edir.
Mingeçevirdə ingilis dili, İmişli və Biləsuvarda Azərbaycan dili - ədəbiyyat, Xaçmazda informatika fənlərindən vakant yer verilmədiyi bildirilir. Qazaxda isə artıq 4 ildir ki, ədəbiyyat fənnindən vakant yer verilmir.
Bundan əlavə, xüsusilə ucqar kəndlərlə bağlı şikayətlər edən müəllimlər bildirir ki, kimlərsə uzaq bölgələrə imtahan verib gedir, ancaq kimlərsə ətraf ərazilərdə, şəhərin mərkəzində yalançı və qeyri-qanuni müqavilələrlə işə düzəlirlər.
Günəş adında oxucu qeyd edir ki, direktorların arxaları olmasa, məktəblərdə özbaşınalıq etməzlər: "10-11-ci sinif şagirdlərindən pul yığırlar ki, dərsə gəlməyin, repititor yanına gedin, müəllimin ixtiyari nədi o şagirdlərə aşagı qiymət yazsin. Sonra o məktəbdə hami həmin müəllimə qarşı çıxır".
Səbinə Əliyeva isə deyir ki, o, 2009-cu ildə əvəzedici müəllim kimi işə qəbul olunub: "2014-cü ildə direktor məni müddətli müqavilə ilə işə qəbul etdi. Həmin il də heç bir müəllim analıq məzuniyyətində deyildi. Lakin 2015-ci ildə məni çağırıb dedi ki, o zaman səhv olub. Sən get imtahanda iştirak et, yenidən vakant verəcəyəm. Lakin nə vakant verir, nə də məni daimi işə qəbul edir. Siz deyin nə edim? Bu da direktor".
Bundan əlavə mövzu ilə bağlı şərhlərdə müəllimlər etirazlarını dilə gətiriblər ki, Qazax, Şirvan, Xaçmaz, İmişli, Biləsuvar, rayonlarda, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində vakant yerlərin elan olunmur və gizlədirlər.
Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun