Sola, sola, Sol tərəfə! – Əli bəy Hüseynzadə

Sola çünki bu dəfə uçurum, çətinlik, çətinliyə çağıran yol sağ tərəfdədir. Tanınmışların, mühafizəkar bəylərin, köhnə fikirli, ya fikirsiz ağaların, şöhrətpərəst, dünyapərəst sərmayədarların, kor-axirətpərəst, lakin yenə də sərmayepərəst mollaların, keşişlərin, kiçik ağıllı, böyük hiyləli, insafsız, vicdansız, münafiq, fitnəçi, provokator bürokratların, “üzəduranların”, tamamən əsarət və despotizm qullarının çəkdikləri, sürüklədikləri sağ tərəfdən qaç! Qaç sağdan! Qorx sağdan! Uçurum oradadır!..
Komissarovların, Pavlovların və əmsallarının gizləndikləri sağ tərəfdən! Sola!.. Sola! Ramişvillilərin, Kovalevskilərin, Şepkinlərin, Aladinlərin, Anikinlərin, Radişşevlərin, Vinavorların sübut və rəhbərlik etdikləri sola!.. Fərasət, huş, ağıl, zəka, elm, tədbir, insaf, mərhəmət, nicat, sağlam olan həmişə sol tərəfdədir!..
Hətta bu sol tərəfdən professor Şepkin kürsüyə çıxıb qışqırsa ki, “ağıl və düşüncə yeri deyil, tələsməli, cürət və tələsərək iş görməli, dəlilik, divanəlik etmək lazımdır”, yenə sol tərəfə getməli. Çünki bu dəlilik, bu divanəlik elmin, ağlın çoxluğundan, zəkanın üstünlüyündən irəli gəlir!..
Kim dedi ki bitərəf olmalı? Xeyr əsla bitərəf olmamalı! Bitərəflik ayaq altında qalmaqdan, əzilməkdən başqa nəyə səbəb olacaq? Su belə bir yerdə sakit və rahat durmaqdan qorxur. Qorxur, çünki pozular, qoxar, kiflənər, yosun bağlayar!.. Təmiz və yararlı olmaq üçün su bir tərəfə axmalı, cərəyan etməli, ya heç olmasa, dərya kimi ləpələnməli, cuşa gələ bilməlidir!.. Ya sağa, ya sola!.. Xeyr ancaq sola!..
Sağ tərəfdə bir uçurum hazırlanmışdır ki, əjdaha kimi ağzını açıb bütün camaatları, bütün qövm millətləri, dinləri ilə, dilləri ilə, elm və maarifləri ilə, sənətləri və xeyir güdmələri ilə uğursuzluq və yox etməyə yönəlikdir.
Sol tərəf isə Rusiya üçün, Rusiya imperatorluğu üçün xeyir, bütün bəşəriyyət üçün bir dövri yenilik, hərtərəfli səadət yeniliyi təşkil edir. Bu səadət, bu yeniliklər həqiqi bir dəyişiklik olacaqdır. Edam cəzasının  ləğvi və dövlət duması tərəfindən yaradılmış hökm qanunlarının daxil olması bunun əlamətlərindəndir!
Edam cəzasının ləğvi ilə məmləkət daxilində “qanun” pərdəsi altında icra edilən qətl cinayətlərinə və beynəlmiləl hökm məhkəməsi vasitəsilə məmləkət xaricində müharibə məqsədi ilə edilən silsilə şəklində olan vəhşətlərinə son qoyulmaq istənilir!
Baxın, bəşəriyyət üçün ən həqiqi bir dövr, səadətin ən möhtəşəm, ən həqiqi bir dövrü! Bəli, ən həqiqi dövrü! Köhnəlmiş qanunlar, geniş qanunlar indi sona çatır, normal qanunlar, son qanunlar indi başlayır!
Əvvəlki qanunlar ki, Roma imperatorluğunun ikiyə bölünməsi ilə İstanbulun binasınadək, köhnə qanunlar ki, İstanbulun Fateh Sultan Mehmed tərəfindən fəthinə və Amerikanın Kristof Kolumb tərəfindən kəşfinədək, yeni qanunlar ki, Fransa inqilabına, bu inqilabdan sonra günümüzə qədər imdad edən əzilmələrdən ibarətdir.
Tarixi dövrlərə yanaşa bilmək üçün vəhşət və heyvaniyyət ilə mədəniyyət və insaniyyətdən daha sağlam əsas ola bilməz! İnsaniyyəti heyvaniyyətdən, mədəniyyəti vəhşətdən (bədəviyyəti demirəm çünki, insanyyət olduqca bədəvi və mədəni sayılmalıdır) ittifaqsızlıq yaradacaq bir əlamət varsa da, qətl və qatilin, cəlladlığın ortadan qaldıdırılmasıdır.
Roma imperatorluğu ikiyə parçalandı, Konstantinapol (Konstantəniyyə) işğal olundu, qətl və qatil cəzasını aldımı? Xeyr, bundan sonra qətl və qatillər, soyqırım vəhşətləri daha sürətlə artdı: Keşişlərin, rahiblərin hökmü ilə icra olunan inkvizisiya cinayətlərinnin məqsədli şəkildə, cihad namimə edilən müharibələrin həddi-hesabı yoxdur!.. Demək ki bəşəriyyət əsla heyvaniyyətdən, vəhşətdən xilas olmadı!..
İstanbul fəth edildi, Amerika kəşf olundu, qətllərdə səngimə görüldümü, bəşəriyyət heyvaniyyətdən xilas oldumu? Əsla! Avropalıların Amerikada etdikləri vəhşilikləri, qəddarlığı, tarix kitabında oxuduqca insanın tükləri biz-biz durur. Fransa inqilabı ilə edam və qətl cəzası qaldırılmadı, ancaq qərarı və icrası ləğv edilib, cümləsi kiyotin deyilən baltaya həsr edildi. Lakin bu baltanın altında kraldan, padişahdan başlamış axırıncı fəhləyə qədər, Andre Şeniyə, Lavuaziye kimi şairlərdən, alimlərdən başlamış axırıncı avama qədər, ən masum, ən günahsız adamların başları yuvarlandı!.. Xeyr! Xeyr! Tarixçilər nə deyirlərsə desinlər, bəşəriyyət heç bir vaxt orta əsrlərdən, ilk əsrlərdən belə xilas ola bilməmişdir.
Vəhşətində, heyvaniyyətində bu günə qədər israr edərək durmuşdur!.. Bu da sol tərəfdən olan liderlərin (hansılar ki, bunlara qarşı mübarizə aparırlar), nitq söyləməyi sevənlərin atəşli nəfəslərinin kəramətindən, səlis nitqlərinin təsirindən, bərəkətindəndir!.. Bəli, bu qətl-qarətçi tərəfdarların son nəfəsidir. Onlardan əlavə bütün bir düşüncəsiz topluluğun son nəfəsidir ki, cümləsinin yerinə düşdüyü Dantenin tərif etdiyi cəhənnəmdə cərəyan tapmaqdadır..
Kimdir onlar! Onlar o adamlardır ki, allahın əkinçilərə ehsan etdiyi, fəqət bir ictimai-tarixi xətanın nəticəsi olaraq iyirmi, otuz tamahkar müftəxorın əlinə keçmiş, ya yersiz bəhanələrlə zəbt olunmuş yerdən, torpaqdan əkinçilərin, çiftçilərin, sahibkarların məhrum buraxılmalarını, bunların əsrlər boyunca baronlara, xanlara və bəylərə qul və əsir qalmalarını tələb edirlər. Yaxud bunları didərgin salıb övlad və ailələri ilə çıl-çılpaq qürbətə, dostluqdan uzaq olan iqlimlərə köç etməyə və köç etdikləri yerlərin əhalisi ilə münaqişə və çaxnaşmaya məcbur qalırlar!..
Onlar o adamlardır ki, sərbəst, hürr və bitərəf bir ədliyyə məhkəməsi yerinə keyfə, əldəqayırma bir hökm divanxanası təsis etmək, camaatı, bütün camaatı maariflənməkdən məhrum edib, özləri isə zülmət, cəhalət içində hökm sürmək istəyirlər… Lakin çox böyük səhv, çox böyük xəta! Bunlar mütləq kordurlar, kardırlar, beyinsizdirlər. Bütün bu heyət “Ya kur əst, ya məst əst ya divaneyi!”(Ya kordur, ya məstdir, ya divanə!). Bunlar görmürlər, anlamırlar ki, Rusiyanın bir başından o başına qədər bütün camaatın gözü açılıb haqqını istəyir. Camaat zalımların və qatillərinin ədalət məhkəməsinə təslim olunmasını tələb edir.
Qafqazımızın ən dürüst vəkillərindən gürcüstanlı Ramişvilidir ki, əmək və sosial firqənin öndə gedənlərindəndir, atəşli bir nitqində baxın nə deyir: “Bizim ətrafımızdakı daxili nəzarət ədliyyə nəzarətini yox etmişdir. Bizdə qanun yoxdur, bizdə ədliyyə mühakiməsi yoxdur. Bizdə ancaq polis nizamnaməsi vardır.
Zənn etməyin ki, bu polis nizamnaməsinin hökmü sadə polis çərçivəsində cərəyan edir, xeyr, onun hökmü məhkəmələrimizdə və kilsələrimizdə belə caridir. Buralarda o nizamnamə İncilin psixoloji əsaslarına toxunulmuşdur. Bizim keşişlər rəhban libaslı polis məmurlarından başqa bir şey deyildirlər. Özlərinə İsanın təmsilçisi deyən bu cənablar xəfiyyəliyi və provakatorluğu ilə seçilərək kilsə mənbərlərindən edam cəzasına, qətl və qarətlərə tərəfgirlik edib, o yolda vəz edirdilər”.
Bəli, bizim daxili nəzarət sistemi kilsəni belə öz planlarına daxil etmişdir. Lakin, bizim mollalarımız, seyidlərimiz, Rusiyada, Türkiyədə, İrandakı mollalarımız sevinməsinlər. Hər bir halda, əsaraətin, siyasi və iqtisadi bir əsarətin ortadan qaldırılması ilə və edam cəzasının ləğv və məhv olunması ilə bəşəriyyət üçün yeni və uğurlu bir yol başlayır. Bəşəriyyət üçün deyirik.
“Füzuyat” dərgisi, 1907-ci il.
Tərcümə: Rəhim Vəliyev