Rabitə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsləri ilə bağlı cinayət işi yekunlaşır

Rabitə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsləri ilə bağlı cinayət işi yekunlaşır
9 Avqust 2016
Mətni dəyiş
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan yüksək rütbəli məmurları ilə bağlı cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.
Avqustun 8-də Baş İdarənin cinayət işi ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına göndərdiyi mühasibatlıq ekspertizasının rəyi istintaqa təqdim edilib. Ekspertiza rəyi bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərə təqdim edilib. Məlumata görə, yaxın günlərdə iş üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, istintaq dövründə təqsirləndirilən şəxslər barədə həbs qərarının müddəti bir-neçə dəfə artırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun