Qarabağ əlilinin həbs qərarından apellyasiya şikayəti verilib

AXCP üzvü, II qrup Qarabağ əlili İsmayıl Rəsulovun həbs qərarından apellyasiya şikayəti verilib. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib.
Vəkil bildirib ki, şikayət avqustun 29-da məhkəməyə təqdim olunub.
“Biz apellyasiya şikayətinə şahid ifadələri, ona gələn zənglərin fotoşəklini, “facebook”dan çıxarışları da əlavə eləmişik. Bunlar sübut edir ki, İsmayıl Rəsulov özü könüllü gedib polis bölməsinə, heç bir müqavimətdən söhbət gedə bilməz. Təsəvvür edin, 59 yaşlı Qarabağ veteranı, ali təhsilli adamı ittiham edirlər ki, guya, küçədə xalqa və dövlətə qarşı çağırışlar edib, söyüş söyüb, polis yaxınlaşıb onu sakitliyə dəvət edəndə o, müqavimət göstərib”, – Əsabəli Mustafayev bildirib.
Vəkil qeyd edib ki, yerli məhkəmələr obyektiv qərar çıxarıb, ədaləti bərpa eləməsə, bu iş Avropa Məhkəməsinə çıxarılacaq.
İ. Rəsulov avqustun 24-də axşam saatlarında saxlanılıb və ertəsi gün Qaradağ Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı verib. Qarabağ əlilinin polisə müqavimət göstərdiyi bildirilir.
İsmayıl Rəsulov isə vəkilinə ittihamın qurama olduğunu, kimsəyə müqavimət göstərmədiyini deyib.