"Niyə erməni kilsələri bizim qazı pulsuz yandırmalı, biz hisin-pasın içində yaşamalıyıq?"

"Niyə erməni kilsələri bizim qazı pulsuz yandırmalı, biz hisin-pasın içində yaşamalıyıq?"
25 Avqust 2016
Mətni dəyiş
Qazaxda yaşayan məcburi köçkün Bəxtiyar Hidayət redaksiyamıza növbəti şikayət məktubunu yollayıb. O, yaşadıqları qəsəbədə məcburi köçkünlərə yalandan qaz borcu yazıldığını, sakinlərdən bəzilərinin qazının kəsildiyini, bu üsulla başqalarını olmayan borcu ödəməyə məcbur edirlər. Məcburi köçkün yazır:
“Hörmətli redaksiya! Çox sağ olun ki, birinci məktubumu işıqlandırdınız. Amma bizim qazaxlı məcburi köçkünlərin qaz problemi həll olunana oxşamır. Çünki məsələ çox qəlizdi. Mənim məskunlaşdığım qəsəbəyə 2003-cü il prezident seçkiləri ərəfəsində Zakir Qaralovun tapşırığı ilə qaz çəkilib. Zakir müəllim qazı təhvil verib Bakıya gedən kimi burda oyunlar başlayıb. 60 evlik qəsəbənin girəcəyinə bir sayğac qoyulub və qaz borcu təxmini hesablanaraq evlərə bölünüb. Bundan istifadə edən qazlı mütəxəssislər isə qəsəbədən bir neçə çörək sexinə və yaşayış massivinə də 100 mm-lik boru ilə qaz çəkiblər.
İndi də bu illər ərzində toplanmış qaz borcunu bizim hesabımıza silmək istəyirlər. Qazax Qaz İstismar İdarəsində bunu Şəmkir Regional Qaz İstismar İdarəsinin üstünə atırlar. Məcburi köçkünlərin qaz limiti təzədən öz üstlərinə cərimə kimi gəlir. Buna aid bircə faktı deyim.
Mənim borcum kənd icra nümayəndəsinə gələn sənəddə 2015-ci il üzrə 357 manatdır. Amma Qaz İstismar İdarəsindən gələn sonuncu qəbzdə göstərilir ki, mən 2016-cı ilin yanvarında 533 manat qaz borcu ödəmişəm. Bu hesabla da 2015-ci ildə onlar mənə borclu qalıblar.
Amma artıq 5 gündür qazımı kəsiblər. Qapıya gələn 50 manat istəyir. Guya hansısa qərarda var ki, 50 manat versən, borc silinəcək. Üstəlik, yoxlama göndərirlər, guya mən qaz oğurlayacağam, şlanqla qaz çəkəcəyəm.

İcra hakimiyyəti sakinlərin problemlərini həll etmir

İcra hakimiyyətinə şikayətə getməyin heç bir mənası yoxdur. Adamlar ya küçələrdə olurlar, ya da binada bir otağa yığılıb səhar-axşam iclas keçirirlər. Həm də onlara adamın yazığı gəlir; bu istidə gərək qalın pencək geyələr, qalstuku sıxalar. Çünki başçı Rəcəb müəllim belə geyinir və demək, hamı eyni geyinməlidir. Bir sözlə, icra məmurları hamısı gənc əsgərlər kimi bir-birinə oxşayır.
Nə yerlərində tapmaq olur, nə iş başında. Bilmirsən bu qədər iclasda nədən danışırlar. Arada olan da kasıb-küsuba olur. Demək, hər qəsəbədə 3-4 adamın qazını kəsiblər ki, o birilər də qorxub pul ödəsinlər.
2009-cu və 2013-cü ilin yekununda məcburi köçkünlərin bütün qaz və işıq borcları prezident qərarıyla ödənilib. Amma məcburi köçkünlərin 6-7 ildir qoyulmuş sayğaclarındakı rəqəmləri indinin qaz pulu ilə hesablayıb borc kimi yükləyirlər.
Yəni 2009-cu ildə qazın bir kubu 6 qəpik idisə, indi bunu 10 qəpiklə hesablayırlar. Prezidentə də beləcə kələk gəlib öz rahat həyatlarını yaşayırlar. Verdikləri çörəkpulu müavinətini (adama 18,5 manat) də indi qazpulu adı ilə geri almaq istəyirlər. Dövlətin qanunu ilə qoz-qoz oynayıb başımıza qaz-qaz oyunu açırlar.

Qazaxda vəfat etmiş insanlara qaz borcu gəlir

Bizim məhlədə 2-3 ev var ki, o evlərin sahibi neçə müddətdir rəhmətə gedib. Amma o rəhmətliklərə də cərimə gəlir – 1000-2000 civarında. Görünür, bunların əlindən ölməklə də qurtarmaq mümkün deyil..
Qazax Qaz İstismar İdarəsinin sanki özü yoxdu; Şəmkirdən pultla idarə olunurlar. Nə desən, deyirlər, Şəmkir bilir. Şəmkirdən isə nə gələn var, nə də bizi yadına salan. Qalmışıq bu yayın istisində hamamsız, isti yeməksiz, hisin-pasın içində.
Buradan Qaçqınkoma müraciət edirəm: bir araşdırın görək Qazaxda məcburi köçkünlərin qaz limiti necə olub? 13 ilin borcu niyə bir ayda ödədilir? Axı ölkədə qanun var – bank borcu da, vergi borcu da 3 il sonra ödənilməyə bilər. Niyə Gürcüstandakı erməni kilsələri bizim qazı pulsuz yandırmalı, biz hisin-pasın içində, qaraçı günündə yaşamalıyıq?
Bəxtiyar Hidayət, şair
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun