"Nazir şişirdilmiş rəqəmlər əvəzinə, həll etdiyi problemlərdən danışsın"

"Nazir şişirdilmiş rəqəmlər əvəzinə, həll etdiyi problemlərdən danışsın"
15 Avqust 2016
Mətni dəyiş
Xəbər verdiyimiz kimi prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı kənd təsərrüfatı, xüsusilə pambıqçılıq sahəsi ilə bağlı bir sıra açıqlamalar edib. İ.Əliyev pambıqçılığın inkişafının geniş vüsət aldığını və bu il istehsalın 3 dəfə artacağını bildirmişdi.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov İlham Əliyevin dedikləri ilə bağlı Abzas.net-ə açıqlama verib.
"Bu ilin istehsalatı üçün 100 min ton planlaşdırılsa da, bu rəqəm saxta olacaq"
Ekspert deyib ki, prezident istehsalı 30 min tona düşən pambıqçılıq sahəsinin bu il 100 tona qaldırılacağını, sonrakı illərdə daha da inkişaf edəcəyini bildirib:
"Bilirsiniz, pambığın ehtiyatı bir illik tələbatdan çoxdur. Baxmayaraq ki, hər il bir günlük tələbatdan bir milyon ton artıq məhsul istehsal olunur. Deməli ehtiyat hər ildə bir milyon ton artır. İl ərzində 25 milyon ton pambıq istehsal olunursa, bir o qədər də ehtiyat var və dünya bazarlarında 24 milyon ton tələb olunur. Bu bazar son zamanlarda rəqabət qabiliyyətli məhsul istehsal edən Çin, Hindistan, ABŞ, İsrail, Özbəkistan kimi ölkələrin əlinə keçib. Bizdə isə xeyli müddətdir ki, bu sahədə tepm aşağı salınıb və demək olar ki, pambıqçılıq sıradan çıxmaq üzrədir".
vahid məhərrəmov2Vahid Məhərrəmov bildirib ki, bu ilin istehsalatı üçün 100 min ton planlaşdırılsa da, bu rəqəm saxta olacaq, çünki bu təşəbbüs çox gec irəli sürülüb, oktyabr ayında başlamalı olan hazırlıqlar bir neçə ay gecikmə ilə apreldə başlayıb. Bunlara görə də ekspert hökumətin dediklərinin reallaşmasının inandırıcı görünmədiyini deyir:
"Prezident aparatında pambıqçılıqdan məsul olan vəzifəli şəxs bu sahə üzrə mütəxəssis deyil. Nazir və onun iki müavini bu sahənin mütəxəssisi deyil. Heydər Əsədov yaxşı ki, 250 min ton deyib, 20 milyon ton da deyə bilərdi. Onun üçün bu rəqəmin arxasında nəyin dayandığı bəlli deyil. O, mənzərəni təsəvvür edə bilmir və belə biri istənilən vədi verə bilər".
Ekspert deyir ki, bazar iqtisadiyyatı dövründə yaşayırıqsa, bilməliyik ki, inzibati yolla hansısa sahəni inkişaf etdirmək mümkün deyil.
"Məmurlar təəssüf ki, düşünə bilmirlər, peşəkar deyillər, ona görə də rəqəmləri şişirdirlər, manipulyasiya edirlər və iş görüntüsü yaradırlar. Əslində reallıq başqadır. Niyə məhsul 30 min tona düşmüşdü? Axı sahə ilə bağlı qanun da qəbul edilmişdi. Deməli kifayət qədər səbəb, problemlər var. İndi özləri etiraf edir ki, pambıqçılığa fikir verilməyib. Toxum, suvarma suyu üçün lazım olan ehtiyatlar, keyfiyyəti olmayan gübrə xaricdən gətirilir, müasir texnikadan istifadə olunmur".
Vahid Məhərrəmov sonda "nazir yaxşı olardı ki, prezidentə sadaladığım məsələlərin hansının həll edildiyini desin, şişirdilmiş rəqəmləri demək məncə yaraşmaz" əlav edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun