Natiq Cəfərli nümunəsi - Sevda Sultanova

Natiq Cəfərli nümunəsi - Sevda Sultanova
14 Avqust 2016
Mətni dəyiş
Sevda Sultanova
Bu, real əhvalatdır. Fransua Beqodo Parisdə litseylərdən birində fransız dili və ədəbiyyatından dərs deyib. Müəllimlik təcrübəsini avtobioqrafik romanında qələmə alıb. Sonra bu romanı Loran Kante filmə çevirib. Çoxsaylı mükafata layiq görülən “Sinif” filmində Fransua elə özünü oynayıb.
Üç saatlıq narahat filmə nəfəsim təntiyə-təntiyə baxmışam. Fransua fəndgir, çətin yeniyetmələrə nəhayətsiz təmkinlə fransız ədəbiyyatını öyrədir, onların provakasiyalarını soyuqqanlı qarşılayır, çevik ağlı, yumoru ilə yeinyetmələrin onu çətin vəziyyətlərə salmaq cəhdlərini boşa çıxarır.
Natiq Cəfərli mənə Fransuanı xatırladıb həmişə. Fürsətcil, məkrli hakimiyyətə sonsuz təmkinlə, ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu peşəkar analizləri ilə anlatmağa çalışıb. Özü də son dərəcə sadə dillə, yerinə düşən yumoruyla, yorulmadan, usanmadan, aqressiya nümayiş etdirmədən və Azərbaycana sonsuz sevgiylə.
Natiq bəy ictimai-siyasi statusu olan nadir insanlardandır ki, bu cəhətlərinə görə Facebookda daimi izləyicisiyəm. Onun statusları təmiz hava gələn nəfəslik kimidir, məntiqi və energetikasıyla həm ağla, həm qəlbə toxuna bilir. Bir dostumun dediyi kimi, Natiq bəy ölkənin ağır vəziyyətində aktiv şərhləri, yanğısı ilə sıravi insanlara çox siyasətçidən daha yaxın, daha doğma adama, sirdaşa, gündəlik həyatımızın ayrılmaz parçasına çevrildi. Bu səbəblərdən də onun həbsini ictimai fiqurdan çox ən yaxın, əziz bir insanın həbsi kimi qəbul elədim.
İctimai-siyasi mühitdə publikaya oynayan, üzündən növbətçi təbəssüm əskik olmayan insanlarla hətta virtual məsafə qoymağa çalışıram. Natiq bəyin isə publikaya oynadığını, növbətçi təbəssümünü hiss eləməmişəm. Əksinə, statuslarının göstərişli olmadığına, səmimiyyətinə görə xüsusi rəğbətim olub.
Ara-sıra Natiq bəyə onun ölkəmiz üçün dəyərli olduğunu, REAL-a məhz ona görə səs verəcəyimi yazmışam. Insanlar var ki, onlara cəmiyyətimiz üçün nə qədər dəyərli olduğunu demək ehtiyacını hiss eləyirsən. Və bunu onlara demək vacibdir.
Saytlarda onun prokurorluğa aparılmasını əks etdirən videonu izləyəndə, “Natiq bəy” sədaları altında əzilən, pərt, özünəinamsız görünən polisləri görəndə içimdən belə hiss keçdi ki, Natiq bəy maşında o adamların əhatəsində yenə həmişəki “krutoy” manerasında, pozitiv energetikasıyla, ironiyalı atmacalarından qalmır. Və Natiq Cəfərlinin həbsini əslində onun - azad insandan, alternativ fikirdən qorxan miskin, zavallı hakimiyyət üzərində qələbəsi kimi qəbul edirəm.
Yaxınlarda Erkin Qədirlinin bir yazısını oxudum: “Rusiyada bədii ədəbiyyat başqa tekstlərdən öncə yarandı, böyüdü, gücləndi.
...Rusiyada qəzetlərin, məhkəmələrin, yerli özünü-idarəetmənin, parlamentin, elmin, fəlsəfənin və s. olmadığı bir vaxtda dünyanı, ölkəni, təbiəti anlamaq üçün yalnız bədii tekst yararlı ola bildi.
Klassik Rus ədəbiyyatının aktuallığı ondadır ki, Rusiyada bu gün də nə məhkəmə var, nə parlament, nə qəzet, nə fəlsəfə və s. rus ədəbiyyatı bütün tekstləri öz altına aldı və başqa tekstlərin inkişafına imkan vermədi”.
Doğrudan da sənət, ədəbiyyat daha çox hakimiyyətin idarəetməsində boşluq, ciddi deffektlər olanda önə çıxır.
Birinci Dünya Müharibəsinə reaksiyadan doğan ekspressionizmdən tutmuş gənclərin öz siyasi-sosial etiraz enerjisini kinoya yönləndirməsi nəticəsində meydana çıxan yeni İran kinosunadək.
Hətta çoxdan “Literaturnaya qazeta”da bədii ədəbiyyatın hansı ölkədə daha çox oxunduğu, böyük nüfuza malik olması ilə bağlı araşdırma oxumuşdum. Məlum olmuşdu ki, inkişaf eləmiş Avropa ölkələri ilə müqayisədə məsələn, Portuqaliyada yazıçılar, ədəbiyyat daha nüfuzlu olub. Səbəb də bu ölkədə uzun illik diktaturanın bərqərar olmasıymış. Diktatura rejiminin olduğu ölkələrdə sənət, ədəbiyyat sıravi insanın tutunacağı son ümud yeridir.
Hətta alman rejissoru Fassbinderin maraqlı fikri var ki, İslandiyada heç vaxt ciddi kino olmayacaq, çünki mən onun küçələrində əzab çəkən insan görmədim.
Dünya təcrübəsini nəzərə alsaq, ölkəmizdə də yerli ədəbiyyat, sənət önə çıxmalıydı. Amma çıxmadı, olmadı.
Tutunacaq yerimiz peşəkar, vicdanlı, demokratik dəyərləri merkantil məqsəd güdmədən təbliğ edən, cəmiyyəti insaniləşdirən ictimai personaların fəaliyyəti oldu. Natiq Cəfərli onlardan biridir. Və sayı çox az olan bu adamların faydalı, aktiv funksionallığı, cəmiyyətə verdikləri istənilən dahiyanə sənət, bədii əsərdən qat-qat qiymətlidir, vacibdir. Hər halda mənim üçün dəqiq belədir.
Bizə Natiq Cəfərliyə dəstək olmaq, yanında olmaq, peşəkarlığına, ləyaqətinə görə təşəkkür eləmək qalır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun