Müsavat Partiyası: 'İmzalarımız oğurlanıb'

Müsavat Partiyası: 'İmzalarımız oğurlanıb'
22 Avqust 2016
Mətni dəyiş
"Bu il sentyabrın 26-da keçiriləcək referendumda təşviqat qrupunun qeydiyyatdan keçməsi üçün tələb olunandan çox imza toplanıb".
Bu sözləri Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
G.Aslanlı bildirib ki, hazırda toplanmış 41 mindən çox imza nəzərdən keçirilir. Elə bu gün, avqustun 22-si sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcəklər.
Gülağa Aslanlı imza toplanması zamanı bir sıra üzvlərinin təzyiqlərə məruz qaldıqlarını deyib: "Belə hallar Tərtərdə, Bərdədə, Gəncədə, Cəlilabadda baş verib. Cəlilabadda imza dolu vərəqlər imza toplayan şəxsin əlindən alınıb. Partiya üzvləri bu şəxsləri təqib edərək getdikləri avtomobili saxlayıblar. Həmin şəxslərdən birini polisə təhvil veriblər. Həmin şəxs göstərişi rayon icra başçısını köməkçisindən aldığını söyləyib. Tərtərdə partiya təşkilatı imzaları toplayıb, partiya təmsilçisi olan şəxs vərəqələri Bakıya gətirmək istədikdə nəzarətdə olduğunu anlayıb. Bunu bir dostu ilə göndərib. Yolda həmin şəxsi saxlayıb fiziki zorakılığa məruz qoyublar".
Cəlilabad rayon İcra Hakimiyyətindən isə imza vərəqəsinin oğurlanması ilə bağlı göstəriş vermələrini təkzib ediblər. Onlar Müsavat Partiyasının şikayətini imza toplaya bilmədiklərindən baş qatmaq kimi dəyərləndiriblər.
Bu gün, avqustun 22-də imza toplanma mərhələsi başa çatır. Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min imza tələb edilir.
Hələlik, indiyə kimi 3 təşviqat qrupu qeydiyyatdan keçib. Bunların biri hakim Yeni Azərbaycan Partiyasının yaratdığı "Yeni Azərbaycan", digərləri isə "Bələdiyyə" və "Vətəndaş Cəmiyyəti" təşəbbüs qruplarıdır.
"Bələdiyyə" təşəbbüs qrupunu bəzi bələdiyyələr, "Vətəndaş Cəmiyyəti"ni isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə bir sıra QHT-lər yaradıblar.
Qeyd edək ki, Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun