MTN-in yüksək rütbəli əməkdaşları təcridxanada nəzarətə götürülüb

MTN-in yüksək rütbəli əməkdaşları təcridxanada nəzarətə götürülüb
13 Avqust 2016
Mətni dəyiş
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.
Əldə edilən məlumata əsasən bir neçə gün əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər.
Akif Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.
Məlumatı verən mənbə bildirir ki, hazırda həbsdə olan generallar - Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər - Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov qeyd edib ki, təqsirləndirilən şəxs Akif Çovdarovun intihar etməsilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: "1 saylı Bakı İstintaq Təcridxanasında xidmət isə əvvəlki kimi adi qaydada, müvafiq təlimatlara uyğun olaraq təşkil olunur. "MTN işi" ilə bağlı həbs olunan şəxslər xüsusi nəzarətə götürülməyiblər. Onların üzərinə nəzarət qoyulmasına ehtiyac yoxdur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun