Milli Olimpiya Komitəsinin saytı niyə yenilənmir?

Milli Olimpiya Komitəsinin saytı niyə yenilənmir?
13 Avqust 2016
Mətni dəyiş
Görünür, Azərbaycan Milli Olimpiya Komitəsi Rio olimpiadasında komandamızın qazandığı medallara çox da sevinmir. Azərbaycan MOK-un saytına daxil olduqda belə təəssürat yaranır. Belə ki, avqustun 12-nə Olimpiadada nailiyyətləri göstərən cədvəldə qazanılmış medallar 0 olaraq göstərilib!
Baxmayaraq ki, birinci medal hələ avqustun 8-də, ikincisi isə dünən axşam saatlarında qazanılıb. Elə həmin saytda birinci medalın sahibi - cüdoçu Rüstəm Orucov haqqında məlumat yerləşdirlib.
MOK rəhbərliyinin və sayta məlumat yerləşdirilməsinə görə məsul olan şəxslərin nə ilə məşğul olduğunu düşünmək qalır.
Və bir də sual yaranır: Dövlət elementar faktları normal işıqlandırmaq iqtidarında olmayan belə bir MOK-u VƏ belə bir İdman Nazirliyini saxlamaq üçün niyə böyük vəsait ayırır?
Göründüyü kimi, bu, İdman Nazirliyini də maraqlandırmır, nazirlik də MOK-un saytına nəzarət etmir. Görünür cənab Azad Rəhimov başqa, daha mühüm işlərlə məşğuldur.
Belə ki, telefon sorğumuza cavabda MOK ofisində dəstəyi götürən gənc (növbətçi və ya mühafizəçi) deyib ki, ofisdə mühasibdən başqa heç kim yoxdur. Hamı Olimpiadaya gedib, buna görə "niyə qazanılmış medallar haqqında məlumat yoxdur?" sualımızı yönləndirəcək heç kim yoxdur.
Cənab Azad Rəhimova və Çingiz Hüseynzadəyə Kapakabana sahillərində xoş istirahət arzu edək. Ümid edək ki, qayıtdıqdan sonra dövlət başçısı onlardan cavab istəyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun