MHİ: "Dəyişikliklər ciddi çatışmazlıqlar yaradacaq"

MHİ: "Dəyişikliklər ciddi çatışmazlıqlar yaradacaq"
4 Avqust 2016
Mətni dəyiş
İnstitut :Konstitusiyaya ifadə azadlığı ilə bağlı edilən dəyişiklik təklifləri yolverilməz dərəcədə məhdudlaşdırma riski doğurur
“Konstitusiyanın 32-ci maddəsinə təklif edilən dəyişikliklər məhdudlaşdırıcı məzmun daşıyır. Bu təkliflər normativ hüquqi aktlar qanunvericiliyinin tələblərinə əməl edilmədən irəli sürülüb və referenduma çıxarılıb ”.
Bu barədə Media Hüququ İnstitutunun ( MHİ) referenduma çıxarılan dəyişiklik təkliflərinin ifadə azadlığı ilə bağlı müddəaları haqda bəyanatında deyilir.
İnstitut hesab edir ki, dəyişikliklərin vacib mətinlər olmadan irəli sürülməsi, onun düzgün, tam anlaşılması və referendumda vətəndaşların düşünülmüş həqiqi iradəsini ifadə edə bilməsi baxımından ciddi çatışmazlıqlar yaradacaq.
“Dəyişikliklər təklif olunan 32-ci və 47-ci maddələr mühüm insan haqları ilə bağlıdır. 32-ci (şəxsi toxunulmazlıq) maddəyə, xüsusilə 4 və 7-ci hissələrə təklif edilən dəyişikliklər hər hansı konstitusion tənzimləmə ehtiyacından irəli gəlmir. Təklif edilən dəyişikliklərin mətnləri dolaşıqdır, aydın anlaşılmır, tənzimlədiyi sahədəki ifadə və terminologiyalardan düzgün istifadə edilməyib. Bu qanunvericiliyin düzgün anlaşılması və səmərəli tətbiqi üçün ciddi əngəllər yaradacaq”, deyə bəyanatda bildirilir.
MHİ qeyd edir ki, 32-ci maddənin 6-cı hissəsinə təklif edilən dəyişiklik istənilən şəxs barədə məlumat almaq məqsədi ilə hər hansı informasiya ehtiyatlarına daxil olmağı qadağan edir:
“Belə qadağan həddən artıq geniş və yersiz, zəruri olmayan məhdudiyyətdir. Üstəlik Konstitusiyanın 47-ci, 50-ci, 51-ci maddələri ilə verilən önəmli hüquqları - ifadə azadlığını, məlumat almaq azadlığını və yaradıcılıq azadlığını yolverilməz dərəcədə məhdudlaşdırır”.
MHİ ifadə azadlığı ilə bağlı təklif edilən digər dəyişikliklərin də Konstitusiyada təsbit olunmuş hüquqları yolverilməz dərəcədə məhdudlaşdırması riski doğurduğunu qeyd edir.
Media Hüququ İnstitutu ifadə azadlığı hüququ sahəsində çalışan yerli qeyri-hökumət təşkilatıdır. MHİ 2014-cü ildə vətəndaş cəmiyyətinə siyasi basqılar olması əsaslandırması ilə fəaliyyətini dayandırdığını elan etmişdi.
Bəyanatı MHİ adından, bu qurumun direktoru Rəşid Hacılı yayıb. O, açıqlamasında təşkilatın fəaliyyətini bərpa etməyin çətin olduğunu da qeyd edib.
Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Referendum Aktının layihəsi 29 maddədən ibarətdir.
Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur.
Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun