"Məqsəd assimilyasiyanı rahat reallaşdırmaqdır"

"Məqsəd assimilyasiyanı rahat reallaşdırmaqdır"
10 Avqust 2016
Mətni dəyiş
Urmiyəli fəal Meysəm Azadinin sözlərinə görə, İranda türklərə qarşı aşağılayıcı ifadələr yayımlayan media qurumları xüsusilə uşaqları hədəf alırlar.
Urmiyədən Amerikanın Səsinə danışan fəal türklər təhqir olunmasına qarşı etirazların adətən İran Azərbaycanının Təbriz və Urmiyə şəhərlərində başlandığını bildirərək son etiraz aksiyalarının bəzi şəhərlərdə polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsilə qarşılaşdığını, həbs edilən etirazçıların qeyri-insani şəkildə döyüldüyünü önə çəkib.
2006-cı ilin may ayında “İran” qəzetində, 2015-ci ilin noyabr ayında dövlət televiziyasında və ötən iyul ayında Təbrizdə nəşr edilən “Tarhe No” qəzetində türklər haqqında təhqiramiz ifadələr və materiallar həmin media qurumlarının uşaqlara məxsus hissələrində yerləşdirilib.
Meysəm Azadinin dediklərinə görə, İranda TV kanalları, dərgilər və məktəb dərsliklərində türkləri mədəniyyətsiz və heç nəyi başa düşməyən insanlar kimi göstərərək ələlxüsus uşaqları özünəinam və qürurdan məhrum etməyə çalışırlar.
İranda türklərə qarşı təhqiramiz ifadələrin sistemli bir siyasət çərçivəsində yayımlandığını vurğulayan mədəni fəal deyir ki, “bu təhqirləri təkrarlayaraq onları adiləşdirməyə çalışırlar, istəyirlər o qədər adiləşsin ki, artıq həssaslıq yaranmasın, insanlar heç bir təpki və reaksiya göstərməsin və beləliklə assimilyasiya prosesini daha rahat yürütsünlər.”
iran etiraz
Meysəm Azadi polis və təhlükəsizlik qüvvələrinin etiraz aksiyalarına təpkisinin bəzən şəhərlərə görə fərqləndiyini önə çəkir:
Urmiyə kimi şəhərlərdə etirazçılar qeyri-insani şəkildə döyülüb və nəzarət altına alınıblar
“İranda türklər təhqir olunanda, Təbriz və Urmiyə adətən etirazları başlayan şəhərlər olurlar. Bu dəfə Şirazdakı Qaşqay türkləri və Tehranda yaşayan türklər də bu etirazlara qatıldı. Amma, polis və təhlükəsizlik gücləri bəzi şəhərlərdə etirazların baş tutmasına imkan vermədilər…
Etirazlarda hər şəhərin özəl durumu olur. Misal üçün, Təbriz və Urmiyədə etirazların başlanğıcında polis müdaxilə etməsə, etirazçıların sayı çoxalar və artıq dağıdılması çox çətinləşər…
Buna görə də, Urmiyə kimi şəhərlərdə polisin müdaxiləsi sərt oldu. Etiraz edənləri qeyri-insani şəkildə döyüb və nəzarət altına aldılar.”
Mədəni fəal İran Azərbaycanında müxtəlif səbəblərlə baş qaldıran etiraz aksiyalarına qatılanların əksəriyyətinin toplumun orta təbəqəyə mənsub insanlardan ibarət olduğunu söyləyir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun