"Gülənçiləri prezident aparatında, SOCAR-da, nazirliklərdə, Milli Məclisdə axtarsınlar"

"Gülənçiləri prezident aparatında, SOCAR-da, nazirliklərdə, Milli Məclisdə axtarsınlar"
16 Avqust 2016
Mətni dəyiş
Hakimiyyətə yaxın mətbuat orqanlarının AXCP sədri Əli Kərimlini və müxalif düşərgəni Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham olunan Fətulla Gülənlə əlaqələndirməsinə Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə yazı ilə reaksiya verib.  Yazını oxucularımıza təqdim edirik: 
Milli Şuranı, AXCP-ni, Əli Kərimlini və məni hansısa bir dini radikalizmlə əlaqələndirmək hakimiyyətin köhnə planıdır. Yaxşı xatırlayıram, Milli Şuranın mitinqlərinin birində keçmiş MTN birisinin əli ilə tərsinə bir İŞİD bayrağı qaldırmışdı. Bunu çəkib Avropaya göstərmək istəyirdilər ki, guya Milli Şura İŞİD terror təşkilatını himayə edir. Amma bayraq tərsinə qaldırıldığı kimi işlər də tərsinə getdi. Tərsə işin qurbanı MTN özü oldu. Sonra hakimiyyət nəzarətində olan “islamçıları” Milli Şuranın mitinqinə səfərbər etmək istədi. Bu məsələ də ifşa olundu.
Ötən ilin noyabrında “Nardaran əməliyyatının” Əli Kərimli və mənə qarşı təşkil olunduğu da artıq heç kim üçün sirr deyil. İstintaq prosesində hacı Tale Bağırzadəyə təsəvvürə gəlməz işgəncə veriblər ki, Nardaranda bizim dövlət çevrilişi təşkil etdiyimiz barədə təsdiqləyici ifadələr versin. Lakin hacı Tale həm fiziki, həm də mənəvi cəhətdən bunların gözlədiyindən daha möhkəm çıxıb.
Məhkəmə prosesində isə hökumətin bu planını ifşa etdi. Hər şeydən əli üzülən hökumət Əli Kərimliyə qarşı indi ümidini Gülən avantürasına bağlayıb.Hakimiyyətin əsas şər-böhtan ruporu olan Eynulla əgər əvvəllər Əli bəyi şiə dövləti “qurmaqda” ittiham edirdisə, indi onu Gülənçi və Azərbaycanda Gülən şəbəkəsinin əsas əlaqələndiricisi kimi təqdim etməyə başlayıb.
Sanki Gülən şəbəkəsini Azərbaycana gətirən bu hakimiyyət deyil, Əli Kərimli olub. Sanki Gülən məktəblərinin açılmasına rəsmi icazəni hökumət qurumları deyil, Əli Kərimli verib. Sanki Gülən hərəkatını himayə edən Prezident Aparatı deyil, AXCP olub. Sanki Gülənçilərin yardımı ilə Amerika konqresmenlərini 2013-cü ildə Azərbaycana gətirən SOCAR deyil, Əli Kərimli olub. Sanki “Xəzər” televiziyasının timsalında Gülənçilərə efir məkanını hökumət deyil, Əli Kərimli vermişdi.
Gülənçilərin əsas təbliğat ruporu olan “Xəzər” televiziyası prezident seçkiləri zamanı bizə qarşı AzTV-dən də aqressiv mübarizə aprırdı. Çünki onun təlimatını Prezident Aparatında Azərbaycandakı Gülən şəbəkəsini əlaqləndirən rəsmi şəxslər verirdilər. Dünənə qədər Gülən şəbəkəsindən həm xarici lobbiçilik fəaliyyəti üçün dəstək alan, həm daxili siyasətdə ondan bir vasitə kimi istifadə edənlər indi Əli Kərimlini hədəf kimi göstərir, Eynullanın cızma-qarasını həm Rusiyada nəzarətlərində olan “İnterfaks”, həm Türkiyədə müxtəlif bulanıq qurumlar vasitəsi ilə tirajlayırlar.
Rusiyanı başa düşdük. Bəs Türkiyədə bilmirlər ki, Azərbaycan hökumət rəsmiləri qiyam baş verəndən sonra 15 saat səs-səmirsiz nəticələri gözlədikləri halda, hadislərin ən dramatik məqamında məhz Əli Kərimli hərbi çevrilişə qarşı birmənalı mövqe qoydu ortaya, xalq tərəfindən seçilmiş rəsmi Türkiyə hakimiyyətinin yanında olduğunu açıq formada bildirdi, quyruqları hökumətin əlində olan müxtəlif trol qruplarına qarşı öz mövqeyinin doğru olduğunu müdafiə etdi?
Əli Kərimli Türkiyədə 15 iyul dövlət çevrilişinə qarşı son dərəcə həssas bir məqamda ən tez sağlam mövqe sərgiləmiş birinci siyasətçi idi. Gülən şəbəkəsi ilə açıq və gizli iş birliyində olanlar nə qədər cəfəng olsa da, indi Əli Kərimlini hədəf kimi önə verirlər. “Nardaran işi” ifşa olunduqdan sonra Əli bəyə qarşı yeni cinayət toru toxunur, yeni saxta ittiham quraşdırılır. Elnur Seyidovun ölümlə təhdidi məhz bunun anonsu idi.
Bu gün elan olundu ki, Azərbaycanda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Şübhəsiz ki, hökumət həmin tərəfdarları öz içində axtarmaq əvəzinə, Konstitusiya dəyişikliyindən ictimai diqqəti yayındırmaq üçün bunu demokratik düşərgəyə qarşı yönəltməyə cəhd edəcək.
Əks təqdirdə gerçək Gülənçi axtarsalar, gərək Prezident Aparatında, SOCAR-da, ayrı-ayrı nazirliklərdə, hətta Milli Məclisdə belə, bir sıra adamları sorğulamaya cəlb etsinlər. Çünki bizim ölkədə hökumətin nəzarətindən kənar nə Gülənçi olub, nə Nurçu, nə Vəhabi, nə də Sələfi.
Görünən odur ki, hökumət rahat, başağrısız referendum istəyir. Onun əleyhinə dura biləcək demokratik, dünyəvi siyasi qüvvənin lideri kimi Əli Kərimlini dinçi Gülən şəbəkəsi ilə təhdid etmək planı da məhz, bu zərurətdən qaynaqlanır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun