Fors-major mərhələsində Cəfərlinin həbsi

Avqustun 12-də axşam saatlarında ReAl (“Respublikaçı Alternativ”) hərəkatının icraçı katibi və həmtəsisçisi Natiq Cəfərli saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.
Formal olaraq ona qarşı 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında) maddələrlə ittiham irəli sürülüb.
Həbsin əsl səbəbini isə hakimiyyətin 26 sentyabr Konstitusiyaya prezidentin səlahiyyətlərini genişləndirən və onun hakimiyyətini daha da mütləqləşdirən dəyişikliklər üzrə ümumxalq referendumu ərəfəsində Cəfərlini “zərərsizləşdirmək” istəyində axtarmaq lazımdır.
Bu səbəb ilk növbədə Cəfərliyə qarşı irəli sürülmüş ittihamda əksini tapıb. Göründüyü kimi, Cəfərlinin zərərsizləşdirilməsi haqqında qərar hələ iyulun 28-də – ReAl referendumda bütün ölkə üzrə təşviqat qrupu yaratmaq haqqında planlarını elan etdiyi zaman verilib.
“Biz düzəlişlərin əleyhinə təşviqat aparmaq qərarına gəldik, belə ki, bu düzəlişlər hakimiyyət qolları arasında tarazlığı icra hakimiyyətinin xeyrinə pozur, prezidentin səlahiyyətlərini daha da genişləndirir, Azərbaycanı respublika prinsiplərindən daha da uzaqlaşdırır. Biz bütün ölkədə fəaliyyət göstərəcək təşviqat qrupu yaratmaq qərarına gəldik”, deyə həmin vaxt təşkilatın idarə heyətinin üzvü Erkin Qədirli bildirmişdi.
Hərəkat qanunvericiliyə söykənən israrlı tələblərinə baxmayaraq, təşviqat qrupunu formalaşdırmaq üçün MSK-dan zəruri sənədləri hələ də ala bilməyib. Eyni zamanda, hakim “Yeni Azərbaycan” partiyası dövlətçilik və demokratiyanın möhkəmlənməsi üçün mühüm addım kimi konstitusiyaya dəyişikliklər zərurəti haqqında təşviqat üçün inzibati resursu maneəsiz şəkildə işə salmağa başlayıb.
Cəfərlinin məhz zərərsizləşdirilməsi üçün həbs edildiyini bir fakt da göstərir ki, onun saxlanılması ictimai xarakter daşıyıb və o, digər vətəndaş cəmiyyəti fəalları kimi fiziki və mənəvi təzyiqə məruz qalmayıb. Vəkil dərhal onun yanına buraxılıb.
İqtisadçı ekspert Natiq Cəfərli iqtisadi siyasət sahəsində hakimiyyətin opponenti kimi məşhurdur. Azərbaycanın 2014-cü ilin sonlarından uzunmüddətli iqtisadi böhran zolağına qədəm qoymasından sonra onun çıxışları daha kəskin xarakter daşımağa başlayıb. O hesab edir ki, ölkəni sistemli böhran əhatə edib və vəziyyətdən çıxış iqtisadi islahatlarda deyil, əsaslı siyasi dəyişikliklərdədir. O, fəal şəkildə internet-mühazirələr keçirir, bu tədbirlər hakimiyyətin olmasa da, istifadəçilərin yüksək marağına səbəb olur. Bu, zərərsizləşdirmə versiyasının xeyrinə əlavə bir arqumentdir.
Cəfərlini həbs etməklə hakimiyyət, şübhəsiz, preventiv məqsədlər də güdür, bununla opponentlərinə referendumun İlham Əliyev üçün həyati əhəmiyyətli tədbir olduğunu və ətrafının səsvermənin 2009-cu il referendumu kimi texniki cəhətdən nöqsansız olması üçün istənilən radikal addımları atmağa hazır olduğunu göstərir.
Hakimiyyət başa düşür ki, seçicilərin əksəriyyəti laqeyddir, amma səhnəyə aparıcı qüvvə çıxarsa, böhran şəraitində onlar birləşə bilər. Belə bir birləşmə şansı var. “Referenduma yox!” “Hazırki hakimiyyətə yox!” demək olacaq.
2012 və 2014-cü illərdə etirazçı əhval-ruhiyyənin və aksiyaların kəskin şəkildə artdığı dövrdə olduğu kimi hansısa kütləvi repressiyalar gözləmək lazım deyil. Cəmiyyət əsasən prezidentin səlahiyyətlərinin genişləndirilməsi haqqında referendum keçirilməsi və hətta şəxsi mülkiyyətin toxunulmazlığı anlayışını məhdudlaşdıran düzəlişlərin edilməsi haqqında qərarı diqqətdən kənarda qoyub.
Məsələ cəmiyyətin repressiyalardan qorxmasında deyil, məsələ ondadır ki, çoxları yaxşı başa düşürlər ki, hakimiyyətin təmərküzü və səlahiyyətlərin bölünməsi ilə böhrandan çıxmaq mümkün deyil. Cəfərli qeyd edirdi ki, “bunu iqtisadi islahatlar yolu ilə də etmək olmaz, çünki böhran sistemli xarakter daşıyır”.
newcaucasus.com-a 4 yanvar 2016-cı il tarixli müsahibəsində Cəfərli prezidentin köhnə komandasından imtinasını dəyişikliklərin mühüm şəti adlandırıb: “Prezident islahatların əlaqələndiricisi olmağa qərar versə, onlar xeyli rahat keçəcək. O, islahatların əlaqələndiricis olsa ölkəni keçid dövrünə hazırlayacaq”.
İlham Əliyevin sözün tam mənası ilə islahatların əlaqələndiricisi olub-olmayacağını və keçid dövrünün nə qədər vaxt aparacağını demək çətindir. Amma bir şey aydındır – Cəfərli həbsdə çox qalmayacaq. Azərbaycan fors-major mərhələsinə qədəm qoyub.