Dollara tələb 700 mln dollara çatıb

Dollara tələb 700 mln dollara çatıb
18 Avqust 2016
Mətni dəyiş
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilmiş hərracda bankların dollara tələbi ən azı 700 milyon dollar olub. Bu barədə bank dairələrindən bildirilib.
Məlumata görə, bu gün Mərkəzi Bankın əvvəlki depozit hərracında cəlb etdiyi vəsaiti qaytardığı gündür. Banklar, Mərkəzi Banka yatırdıqları manatdakı vəsaitləri geri alıb dolar almağa cəhd edirlər.
Qeyd edək ki, əvvəlki hərraclarda dollara tələb 600 milyon dollara çıxaraq rekord vurmuşdu.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 28 banka satılmışdır. Bu barədə “Marja”ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edək ki, bu gün üçün rəsmi USD/AZN məzənnəsi 1.6164 səviyyəsində elan olunub.
Mərkəzi Bank depozit hərracları vasitəsilə vəsaitləri 28 gün müddətinə cəlb edir. İlk hərrac 13 iyunda keçirilmişdi. Sonralar bir neçə dəfə hərrac keçirilib.
Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun