Dəmirbank nizamnamə kapitalını 50 mln manat artırır

Dəmirbank nizamnamə kapitalını 50 mln manat artırır
7 Avqust 2016
Mətni dəyiş
Bu gün "Dəmirbank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
"Report"un məlumatına görə, yığıncaq Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevin, İdarə Heyətinin (İH) sədri Fərid Abuşovun, digər bank rəsmilərinin və təqribən 50 səhmdarın iştirakı ilə baş tutub.
Səhmdarlar "Dəmirbank"ın nizamnamə kapitalının 50 mln. manat artırılaraq 21 mln. manatdan 71 mln. manata çatdırılması barədə qərar qəbul ediblər. R.Hacıyev səhm sahiblərinə təklif edib ki, paylarını proporsional qaydada artırsınlar. Əks təqdirdə, Bankın digər səhmdarlarının, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Dəmirbank"dakı payı kəskin arta bilər.
Bankın səhmdarlarının bir qismi payını artıracağını, bir qismi isə Banka əlavə pul qoymağa maddi imkanının olmadığını bildirib.
Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Bankın dövriyyədə hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhmi var. Səhmlərin 25%-i EBRD-ya, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i R. Hacıyevə, 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İH-nin keçmiş sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 858 fiziki şəxsə məxsusdur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun