Bəhruz Hacıyevin ölümündə günahkar bilinən əməliyyat müvəkkilinə 4 il cəza verilib

Bəhruz Hacıyevin ölümündə günahkar bilinən əməliyyat müvəkkilinə 4 il cəza verilib
23 Avqust 2016
Mətni dəyiş
Mingəçevir Şəhər Polis Şöbəsində 27 yaşlı Bəhruz Hacıyevin müəmmalı şəraitdə ölüm işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bəhruz Hacıyevin ölümünə görə məsuliyyətə cəlb olunmuş polis baş-leytenantı Şahlar Şahlarzadəyə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 4 il iş verilib.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili olmuş Şahlar Şahlarzadəyə CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülmüşdü. Məhkəmə 125-ci maddə ilə ona bəraət verib.
Digər ittiham isə CM-nin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub. Bu, ehtiyatsızlıqdan törədilmiş əməl hesab olunub. Ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə cəza beş ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.
Sabiq əməliyyat müvəkkili məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. O bildirib ki, Bəhruz Hacıyevi şübhəli şəxs kimi saxlayıb şöbəyə gətirib və öz otağına salıb.
Bildirdiyinə görə, hal şahidlərini çağırmaq üçün bir neçə saniyəlik otaqdan çıxıb və geri qayıdanda Bəhruz Hacıyevin özünü pəncərədən atdığını görüb. Heç bir qanun pozuntusuna yol vermədiyini deyən Ş.Şahlarzadə qeyd edib ki, B.Hacıyev saxlanılarkən, həmçinin polis şöbəsində ona təzyiq göstərilməyib.
Məhkəmə istintaqı başa çatandan sonra dövlət ittihamçısı Ş.Şahlarzadənin təqsirinin sübuta yetirildiyini bildirib və ona 7 il həbs cəzası istəyib.
Məhkəmənin öz hökmündə maddələrdən biri üzrə bəraət verib, digər ittihamı da dəyişməsi və sabiq əməliyyat müvəkkilinə məntəqə tipli müəssisədə dörd il cəza verməsi prokurorluğu narazı salıb. Prokurorluq hökmdən protoest verib.
Qeyd edək ki, Bəhruz Hacıyev avqustun 20-də Mingəçevir şəhər Polis İdarəsində dünyasını dəyişib. Polisin rəsmi məlumatında onun özünü idarənin pəncərəsindən atıb intihar etdiyi bildirilib. Yaxınları isə intihar barədə deyilənləri qəbul etməyib. Avqustun 22-də B. Hacıyevin dəfnindən sonra Mingəçevirdə onun ölümünə etiraz mitinqi keçirilib. Həmin mitinqdə iştiraka görə 22 nəfər saxlanılıb, onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun