Araz Ağalarovun sahibi olduğu metro stansiyası bağlanır

Araz Ağalarovun sahibi olduğu metro stansiyası bağlanır
18 Avqust 2016
Mətni dəyiş
Moskvada azərbaycanlı iş adamı Araz Ağalarovun tikdiyi "Myakinino" metro stansiyası bağlanır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərarı Moskva Metropoliteni verib.
Qərara görə, avqustun 22-dən Arbat-Pokrov xəttinin "Myakinino" stansiyası texnoloji, yanğın və nəqliyyat təhlükəsizlik tədbirlərinə uyğun olmadığı üçün bağlanacaq. Stansiyanı qeyri-müəyyən müddətə bağlayacaqlar. Qatarlar həmin stansiyadan dayanmadan keçəcək və həmin stansiyada metropolitenin personalı xidmət göstərməyəcək.
Moskva Metropoliteninin mətbuat xidməti "Myakinino" metro stansiyasının bağlanacağını təsdiqləyib. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, stansiyanın sahibi olan "Crocus Group" və Moskva metropoliteni arasında həll olunmamış əmlak və torpaq münasibətləri nəqliyyat təhlükəsizliyi haqqında qanuna müvafiq qaydada həyata keçirilə bilinmir.
"Myakinino" stansiyasını azərbaycanlı iş adamı Araz Ağalarov şəxsi vəsaiti hesabına 2009-cu ildə tikib. Stansiyanın yaxınlığında A.Ağalarova məxsus çoxfunksiyalı "Crocus City" kompleksi, "VEGAS2" və "Tvoy dom" Ticarət Mərkəzi yerləşir.
"Crocus Group"dan məsələ ilə bağlı şərh verilməyib. A.Ağalarovun bununla bağlı mətbuat konfransı keçiriləcəyi gözlənilir.
Bir müddət əvvəl "Crocus Group"un prezidenti A.Ağalarov "Vedemosti"yə müsahibəsində metro stansiyasının binasını paytaxt hakimiyyətinə verməyə hazır olduğunu söyləyib: "Mən məmnuniyyətlə stansiyanı verərdim. Stansiya tikmişik, 30 milyon dollar vəsait xərcləmişik. İndi isə təmirə pul xərcləməliyik".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun