Alman vətəndaşlığı dəyərinə görə dünyada birinci yerdədir

Alman vətəndaşlığı dəyərinə görə dünyada birinci yerdədir
23 Avqust 2016
Mətni dəyiş
Yeni dərc olunmuş hesabata görə, almanlar təkcə dünyanın ən güclü pasportuna sahib deyillər, onlar həm də ən yüksək səviyyəli vətəndaşlığa malikdirlər. "Henley & Partners’" konsultasiya şirkəti ilk dəfə yaydığı Vətəndaşlıq Keyfiyyəti İndeksi 161 ölkənin vətəndaşlıq dəyərini 0-100 faiz arasında sıralayıb.
Sıralamada 161 ölkə arasında ilk yeri Almaniya tutub. Bu ölkə özünün yuxarı səviyyəli sabitlik, təhsil, səhiyyə və vətəndaşlar üçün təmin olunan yaşayış standardları baxımından yüksək göstəricilərə malikdir. Həmçinin, vətəndaşların rahatlıqla başqa stabil iqtisadiyyatı olan yerlərə köçmək, yaşamaq və işləmək imkanları vardır.
Hesabat hazırlanarkən, insan inkişafı, iqtisadi güc, sülh və stabillik göstəriciləri kimi daxili faktorlar nəzərə alınıb. Xarici faktorlara isə almanların başqa ölkələrə köçmə və məskunlaşma azadlıqları aid edilib.
Araşdırmada həm də “səyahət azadlığının müxtəlifliyi”, yəni alman pasportuna sahib olan şəxslərin hansı ölkələrə vizasız səyahət etmə imkanlarının olduğu hesablanıb (Qeyd olunduğu kimi, bu baxımdan alman pasportu dünyada ən güclüsü sayılır).
Sıralamanın ilk iyirmiliyində böyük çoxluq Avropa ölkələrinindir. Böyük Britaniya 11-ci yerdə qərarlaşıb və araşdırmanı aparan şirkət hesab edir ki, əgər ölkə Avropa İttifaqını tərk etsə, 30-cu pilləyə qədər düşəcək.
Birləşmiş Ştatlar 28-ci yerdədir. Bu ölkə özünün iqtisadi gücü və insan inkişafının səviyyəsinə görə yüksək faiz göstəricilərinə sahib olsa da, sülh və stabillik baxımından xal itirib. Bunun səbəbi isə ABŞ-ın militarizasiya və silahlanma səbəblərinə görə Beynəlxal Sülh İndeksi sıralamasında ölkələr arasında orta sıralarda yer tutmasıdır.
Azərbaycan bir il əvvəlki mövqeyinə görə 13 pillə geriləyərək siyahıda 107-ci yerdə qərarlaşıb. 2014-cü ildə ölkəmiz 94-cü yerdə qərarlaşmışdı. Azərbaycanla sərhəd ölkələrin siyahıda mövqeləri isə belədir: Rusiya 60-cı, Türkiyə 70-ci, Gürcüstan 103-cü, Ermənistan 110-cu və İran 127-ci yer. Xəzər hövzəsi ölkələrindən də Qazaxıstan 83-cü, Türkmənistan isə 123-cü yerdədir.
Tərcümə: Nəcmin
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun