Ərdoğanın Əliyevə təqdim etdiyi siyahılarda müxalifətçilərin adı olmayıb - təhlil

Ərdoğanın Əliyevə təqdim etdiyi siyahılarda müxalifətçilərin adı olmayıb - təhlil
21 Avqust 2016
Mətni dəyiş
Ankaranın dövlət çevrilişinə cəhddə və “paralel dövlət” yaratmaqda ittiham etdiyi Fətullah Gülənin mötədil, amma yarımmasson “Hizmet” hərəkatı tərəfdarlarının ovu Azərbaycana da yayılıb.
Prezident Ərdoğan iyulun 16-da uğursuz dövlət çevrilişi cəhdindən dərhal sonra növbəti dəfə prezident İlham Əliyevi Azərbaycanda Gülən şəbəkəsinin şaxələnməsi ilə bağlı qınayıb.
Cavab reaksiyası gecikməyib və Ankaranın siqnalının ilk qurbanı Azərbaycanın ANS telekanalı olub – kanal terrorizmin təbliğində ittiham olunub (çevriliş ərəfəsində Güləndən götürülmüş müsahibə nəzərdə tutulur). Əliyev ailəsinin müsbət imicini cidd-cəhdlə təbliğ edən şirkət yüksək səviyyədə verilmiş qərarın qurbanı olub və məhkəmə qərarı ilə yayımını dayandırıb.
Azərbaycanda ali məktəblər arasında təhsil səviyyəsinə görə ən yaxşı universitetlərdən biri hesab olunan Gülənin “Qafqaz” Universitetinin taleyi də eynilə belə olub. Türk müəllimlər işdən qovulub və müəssisə SOCAR-ın, Dövlət Neft Şirkətinin idarəçiliyinə verilib. Digər təşkilati qərarlar da olub.
Qeyd etmək lazımdır ki, 2014-cü ildə Ərdoğanın Əliyevə ilk antigülən müraciətindən sonra Gülənlə əlaqələri ifşa olunan bəzi məmurlar işdən qovulub, Türkiyənin “Samanyolu” TV-nin yerli filialı bağlanıb. Onun texniki bazası yeni yaradılmış, Azərbaycan Prezident Administrasiyasının nəzarətində olan “Xəzər” TV-yə keçib.
Bakıda hakimiyyət hər yolla Azərbaycanda Gülən tərəfdarlarından qurtulmağa çalışır və hətta gülənçilərə qarşı cinayət işi açıldığı haqqında məlumat da yayılıb. Rusiyanın “İnterfaks” agentliyi adı açıqlanmayan mənbələrə istinadla avqustun 15-də bildirib ki, Azərbaycanda gülənçilərin əsasını Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin şəxsində müxalifət təşkil edir. Amma şübhəli informasiya sızıntıları istisna olmaqla, hələ ki rəsmi ittiham irəli sürülməyib.
Eyni zamanda, Kərimliyə yaxın olan və xaricdən yayımlanan müxalif “Azərbaycan saatı” televerilişi Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ramin Nağıyevlə müsahibələr silsiləsi yayıb. O, Əliyevin komandasında keçmişdə Gülənlə əlaqələrinə görə artıq vəzifədən kənarlaşdırılmış və bir sıra yüksək vəzifələr tutmağa davam edən şəxslərin adlarını açıqlayır.
Azərbaycan hakimiyyəti öz sıralarında gülənçilərdən əvvəlki kosmetik təmizləmələr zamanı müxalifətdə Gülən tərəfdarları haqqında heç nə deməyib. Ərdoğanın Əliyevə təqdim etdiyi siyahılarda da müxalifətçilərin adı olmayıb.
Kərimli özü ittihamların əsassız olduğunu demokratik yolla seçilmiş Türkiyə hökumətinə dərhal dəstək verməsi ilə sübut edir, qiyam günü öz iqamətgahında vəziyyəti izləyən Əliyevin 15 saat susmasını qınayır.
Auditoriyaya məlum olan açıq informasiya hakimiyyətin hər yolla gülənçilər hərəkatından və onlarla əlaqələrdən qurtulmağa çalışdığını göstərir. Kərimliyə qarşı anonim iradlardan başqa heç bir ittiham yoxdur.
Azərbaycandakı rejimin Gülənlə, eləcə də Türkiyədəki digər müxtəlif cərəyanlar və qüvvələrlə heç bir əlaqəsi olmadığını hesab etmək sadəlövhlük olardı. İstənilən vəziyyətdə, qüvvələrin istənilən şəkildə paylanması və proseslərin istənilən şəkildə inkişaf etməsi şəraitində Əliyev Türkiyənin istənilən hakimiyyəti ilə “Realpolitik” konsepsiyası çərçivəsində işləməli olub.
Ərdoğan da belə edib, məsələn, Azərbaycanda şübhəli prezident seçkilərindən sonra islami etikadan deyil, praqmatik siyasətçi maraqlarından irəli gələrək Əliyevə siyasi dəstəyini ifadə edib.
Azərbaycanda rejim həmişə Türkiyə hakimiyyəti ilə əlaqədə olub və daxili və xarici sabitliyin təmin edilməsi üçün birgə layihələr həyata keçirib, maraqların balansını qoruyub saxlamaq üçün dövlət elitaları, dini qurumlar və biznes qrupları səviyyəsində çoxtərəfli əlaqələr yaradıb.
Bu siyasətin əsasını Heydər Əliyev qoyub, o, bu əməkdaşlıq variantlarını şəxsən özü müəyyən edirdi və tərəfdaşlar müstəqil siyasət həyata keçirdiyi təqdirdə onları eyni şəkildə dayandırırdı. Bəzi Yaxın Şərq dini fondları və ya iqtisadi qruplarla da belə idi.
İlham Əliyev müasir informasiya dünyasında sirləri getdikcə daha tez-tez açılan qarışıq regional geosiyasət labirintlərində sabit çoxistiqamətlilik xəttini davam etdirməyə bilməzdi. Bəs Kərimlinin buna nə aidiyyatı var?
Turan Analitika Xidməti
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun