ƏDV necə və niyə dəyişdirilir? (İzahat)

ƏDV necə və niyə dəyişdirilir? (İzahat)
7 Avqust 2016
Mətni dəyiş
İqtisadçı ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul vergi sistemində islahatlarla bağlı prezident İlham Əliyevin sərəncamında Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı nəzərdə tutulan dəyişiklikləri şərh edib. Ekspertin şərhini təqdim edirik:
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında nəzərdə tutulur ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilsin.
ƏDV hazırda dünyanın təxminən 140 ölkəsində tətbiq olunur. Böyük ölkələrdən ABŞ-da bu verginin əvəzinə 3-15% aralığında dəyişən satış vergisindən istifadə olunur. Əksər ölkələrdə ƏDV diferensiallaşdırılıb. Belə ölkələrdə bir sabit ƏDV dərəcəsi, bir də diferensiallaşdırılmış iki və ya üç dərəcə olur. Adətən sabit dərəcə diferensiallaşdırılmış dərəcələrdən yüksək olur. Çünki diferensiallaşdırılmış dərəcələr güzəşt xarakteri daşıyır.
Sabit dərəcə Danimarkada, Xorvatiyada və İsveçdə 25%, İslandiyada 25.5%, Finlandiyada 23%, Polşada 23%, Rusiyada 18%, İsveçrədə 8%-dir. Diferesiallaşdırılmış dərəcələrə gəlincə isə, bu, Avstriyada 12% və 10%, Belçikada 12% və 6%, Danimarkada yoxdur, İslandiyada 7%, Xorvatiyada 13% və 5%, Polşada 8% və 5%, İsveçrədə 3,8% və 2.5%, İslandiyada 7%, Finlandiyada 13% və 10%-dir.
Avropa Birliyində əsas (standart) dərəcə üçün minimal hədd müəyyən edilib. Birlik ölkələrində əsas ƏDV-nin minimal dərəcəsi 15%-dən aşağı ola bilməz. Diferesiallaşdırılmış dərəcə isə 5%-dən aşağı ola bilməz. Ancaq Birlik ölkələrində 0%-li istisnalar da mövcuddur.
Birlik ölkələrində ƏDV-nin dərəcəsinə ən çox dəyişiklik edən ölkə İrlandiya, bu sahədə stabil ölkələr Polşa və Maltadır. Ən stabil ölkələr isə Avstriya, Danimarka və İsveçrə hesab olunur, çünki onlar son 20 ildə ƏDV-nin dərəcəsinə əl gəzdirməyiblər.
Ölkəmizdə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Ancaq vergi qanunvericiliyimiz ƏDV-dən azad edilən və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatların aparılmasını da istisna etmir. Yuxarıdakı məlumatlardan göründüyü kimi ölkəmizdə əsas ƏDV-nin dərəcəsi əsas Avropa ölkələri ilə müqayisədə aşağıdır. Belə görünür ki, çox yaxında bizdə də diferensiallaşdırılmış ən azı 2 dərəcə olacaq. Ümid edək ki, o zaman ƏDV-nin standart dərəcəsi artırılmayacaq.
Onu da qey edim ki, diferensiallaşdırılmış dərəcələr adətən ilkin tələbat mallarına, dərmanlara, nəşriyyat məhsullarına, uşaq yeməklərinə və sairə tətbiq olunur. Diferensiallaşdırılmış dərəcələrin tətbiqinin pis tərəfləri də var. Bu, vergidən yayınmanı bir növ “təşviq edir”, sahibkarların uçot xərcləri artır və sair.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun