Wikileaks Erdoğan və AKP ilə bağlı sənədlər yayıb

Wikileaks Erdoğan və AKP ilə bağlı sənədlər yayıb
20 İyul 2016
Mətni dəyiş
15 iyul hərbi çevrilişə cəhddən və minlərlə insanın həbs olunmağından sonra Wikileaks açıqlama yaymışdı ki, Erdoğan və AKP ilə bağlı yüz minlərlə sənəd və e-mail yazışması yayacaq.
Bu gün artıq Wikileaks ilkin məlumatları yaymağa başlayıb. Wikileaks açıqlama verib ki, 762 elektron poçt ünvanından 294 min 548 yazışma və bunlarla yanaşı minlərlə əlavə sənəd yayımlayıb.
Elektron poçtların "akparti.org.tr"-dən gəldiyi bildirilib. Göndərilən məktubların ən yenisi 6 iyula, ən köhnəsi isə 2010-cu ilə aiddir. Açıqlamada bildirilir ki, sənədlər 15 iyul çevrilişə cəhddən bir həftə əvvəl əldə edilib. Həmçinin Wikileaks-in saytında deyilir ki, yazışmaları yaymaqla bağlı qərar hökumətin çevriliş sonrası həbslərindən, minlərlə insanın vəzifədən uzaqlaşdırılmasından sonra verilib.
Wikileaks qeyd edib ki, mənbənin çevrilişə cəhd edənlərlə, müxalif siyasi partiyalarla və ya dövlətlə hər hansı bir əlaqəsinin olmadığını müəyyən edib. Sayt Twitter hesabından bildirib ki, sənədlərin yayımlandığı sayta kiber hücumların olduğu üçün sayta giriş çox çətinləşib.
İctimai-siyasi məzmunlu məxfi sənədləri yayan bu sayt bir neçə gün əvvəl Türkiyə hakimiyyəti ilə bağlı sənədlər yayacağını elan edəndən sonra sayta kiber hücumlar başlayıb. Türkiyə hakimiyyətinə yaxın media orqanları isə dayanmadan bildirirlər ki, yayılacaq məlumatlar saxtadır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun