STAR zavoduna SOCAR indiyədək 4 mlrd xərcləyib

STAR zavoduna SOCAR indiyədək 4 mlrd xərcləyib
17 İyul 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşası davam edən, ümumi dəyəri 5,6 mld. dollar olan STAR neft emalı zavodunun 70% hissəsi tamamlanıb.
Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyənin "Hürriyet" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, indiyədək neft emalı zavodu layihəsinə xərclənən vəsait 4 mlrd. dollar olub.
V. Əliyev "Petkim Petrokimya Holdinq A.Ş."-dən də danışaraq özəlləşdirmə üzrə tenderdən sonra 2008-ci ildə holdinqin alındığını, özəlləşdirmə dəyərindən başqa "Petkim"ə hər il 100 mln. dollar vəsait yatırıldığını qeyd edib. O, həmçinin bildirib ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) daxil olmaqla Türkiyəyə yatırılacaq vəsait ümumilikdə 20 mlrd. dollar olacaq.
Qeyd edək ki, "Star" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub. Zavod ilk istehsala 2018-ci ilin mart ayında başlayacağı planlaşdırılır.
2008-ci il mayın 30-da keçirilən hərracda "Petkim Petrokimya Holdinq A.Ş."-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunan səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun