"Müsavat avtoritarizmə xidmət edən referenduma qarşı mübarizə aparacaq"

"Müsavat avtoritarizmə xidmət edən referenduma qarşı mübarizə aparacaq"
21 İyul 2016
Mətni dəyiş
Müsavat Partiyası Divanın 20 iyulda keçirilən növbədənkənar iclasında İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq qəbul olunan bəyanatda bu təşəbbüsün Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə yönəldiyi qeyd olunub. Müsavatın mətbuat xidmətindən "Basta"ya daxil olan bəyanatın tam mətnini təqdim edirik:
"Son illər Azərbaycan hakimiyyəti tez-tez qanunvericilikdə və Konstitusiyada dəyişikliklər edir. Təəssüf ki, bu dəyişikliklər bir qayda olaraq neqativ dəyişikliklər olmaqla, idarəçiliyin daha da sərtləşməsinə demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir.
Son belə Konstitusiya dəyişiklikləri 2009-cu ildə oldu. Demokratik seçkilərin keçirilməsi üçün normal seçki sisteminin mövcud olmadığı şəraitdə referendum keçirilərək demokratik cəmiyyət quruculuğu üçün çox vacib prinsiplərdən biri olan bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəa aradan qaldırıldı.
İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin məzmunu da göstərir ki, hakimiyyət mövcud olan avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir.
Prezidentlik müddətinin 7 ilədək artırılmasını, prezident tərəfindən təyin olunan, Milli Məclisdə təsdiq olunmayan vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsinin irəli sürülməsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsi meyllərindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və başqa müddəalar da mürtəce xarakter daşıyır.
Müsavat Partiyası indiki, demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini ölkədə avtoritarizmin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu əsas götürərək, belə referendumun keçirilməsinə yol verməmək üçün Konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir.
Müsavat Partiyası ölkədə fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatları, ölkə ziyalılarını, gəncləri, bütün Azərbaycan xalqını cümhuriyyətçilik ideyaları uğrunda birgə mübarizəyə çağırır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun