"Müraciət olsa, hökumətin qərarı olacaq"

"Müraciət olsa, hökumətin qərarı olacaq"
14 İyul 2016
Mətni dəyiş
Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparılması ilə bağlı təklifinə münasibət bildirib.
Nazir jurnalistlərə deyib ki, burada bir neçə məsələ var, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır:
"Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ təhsilalanlar üçün xidmətlərin sifarişçisi kimi dövlətin çıxış etməsidir. Ona görə də həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi sual yaradır".
Reportun məlumatına görə, nazir deyib ki, bu məsələ geniş müzakirə olunmalıdır: "Bu, dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən maliyyələşəcək? Ona görə də düşünürəm ki, bu məsələ geniş şəkildə müzakirə olunacaq"
M.Cabbarov qeyd edib ki, nazirliyə bu barədə müraciət olunduqdan sonra rəsmi mövqe bildiriləcək: "Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun