"Məsələnin həlli ümumxalq demokratik hərəkatından keçir"

"Məsələnin həlli ümumxalq demokratik hərəkatından keçir"
25 İyul 2016
Mətni dəyiş
İyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” Referendum Aktının layihəsinə müsbət rəy verib.
Referendun aktının layihəsi 29 maddədən ibarətdir.
Layihəyə görə, dövlət qulluqçuları insan hüquq və azadlıqlarına vurduqları ziyana görə yalnız mülki məsuliyyət daşıyacaqlar.
Referendum aktı layihəsinə görə, prezident 7 illiyə seçiləcək, prezidentliyə və Milli Məclisin deputatlığına yaş həddi aradan qaldırılır, prezidentə parlamenti buraxmaq səlahiyyəti verilir. Birinci vitse-prezident və vitse-prezidentlik institutu yaradılır. Baş nazirin səlahiyyətləri azaldılır və prezident hakimiyyəti idarə edə bilmədikdə onun səlahiyyətlərini baş nazir deyil, birinci vitse-prezident icra edir.
Müxalifət Referendum Aktını qəbul etmir və ölkədə monarxiyaya doğru əsaslı addım kimi dəyərləndirir. Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları müraciətə etsə də maraqlı tərəf kimi Konstitusiya Məhkəməsinin iclasına dəvət edilməyiblər.
AXCP sədri Əli Kərimli Turan-a deyib ki, AXCP-ni maraqlı tərəf kimi Konstitusiya Məhkəməsinin Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktının layihəsinin müzakirəsinə dəvət etməyiblər.
əli kərimli“Mən bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdim və müraciət edəndə də bilirdim ki, dəvət edilməyəcəm”.
O deyib ki, bu müraciəti ilə, sadəcə, ölkədə bütün qurum və  quruluşların, hətta Konstitusiyanın keşiyində durmaq əsas vəzifəsi olan bir orqanın - Konstitusiya Məhkəməsinin də artıq faktiki bir nəfərin nəzarətində olmasını göstərmək olub.
“Mən bilirdim ki, qanun tələb etsə də onlar cəsarət etməzlər müxalifət liderini maraqlı tərəf kimi məhkəməyə dəvət etsinlər. Bu gün də  əminliklə deyə bilərəm ki, çox təəssüf ki, ölkənin bütün məhkəmə hakimiyyəti, o cümlədən də Konstitusiya Məhkəməsi də yalnız və yalnız bir nəfərin, İlham Əliyevin iradəsi ilə idarə olunur”.
O, mövcud durumdan çıxış yollarından danışarkən deyib ki, ölkədə faktiki respublika prinsipləri ləğv olunub, hakimiyyət bölgüsü ləğv olunub, normal müstəqil və  peşəkar məhkəmə hakimiyyəti yoxdur. Xalq tərəfindən seçilən və  xalqın iradəsini müdafiə edən parlament yoxdur.  Seçkilər formal xarakter daşıyır. Bütövlükdə ölkədə faktiki monarxiya qurulub və indi gözlənilən bu referendum həmin monarxiya hakimiyyətini xeyli dərəcədə də rəsmiləşdirmiş olacaq. Belə bir vaxtda yalnız və yalnlız ümumxalq demokratiya hərəkatı ilə vəziyyəti dəyişmək olar. Bu gün Azərbaycan xalqından başqa heç bir ünvan qalmayıb. Belə situasiyalarda nə ayrı-ayrı şəxslər, siyasətçilər, partiyalar, qurumlar vəziyyəti dəyişmək iqtidarında ola bilməz. Bunu hamı açıq-aşkar bilməlidir. Çünki ölkədə klassik avtoritar bir rejim formalaşıb. Dünya təcrübəsi göstərir ki, belə bir klassik avtoritar rejim şəraitində məsələnin həlli millətin hamılıqla mübarizəyə qoşulub öz hüquqlarına sahib çıxmasından keçir.
Müsavat Partiyasının başqanı Arif Hacılı Turan-a deyib ki, Azərbaycanda məhkəmələr faktiki icra hakimiyyətinin nəzarəti altındadır.
arif hacılı“Azərbaycan Konstitusiya Məhkəməsi də elə bil Prezident Administrasiyasının bir şöbəsi kimi fəaliyyət göstərir. Söhbət İlham Əliyevin göndərdiyi sərəncamdan gedirsə Konstitusiya Məhkəməsinin elə bir müstəqilliyi yoxdur ki, müxalifət liderlərini maraqlı tərəf kimi  dəvət etsin”.
O, Konstitusiya Məhkəməsinə müraciətinə  hələ  cavab almadığını bildirib.
“Nə rəsmi, nə də  qeyri- rəsmi bir cavab yoxdur. Amma bizim müraciətimiz geniş əks-səda doğurub”, - o qeyd edib.
A.Hacılı müxalifətin birgə etiraz aksiya keçirmə ehtimalı ilə bağlı deyib ki, bu məsələ müzakirə mərhələsindədir.
“Biz çalışırıq ki, ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi birliklər referendumla bağlı birgə fəaliyyət göstərsin. Əgər bu istiqamətdə çalışmalarımız baş tutacaqsa hesab edirəm ki, bu cəmiyyətin maraqlarına uyğun olacaq. Dediyim fikirlər kütləvi aksiyaların keçirilməsinə də aiddir”, - Müsavat başqanı qeyd edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun